
“İranda başlayan etiraz nümayişləri getdikcə səngiməkdədir. İnsanların küçələrə daha az çıxmasını şərtləndirən amillər vardır. İlk növbədə etirazçılar təşkilatlana bilmədi. Xaotik baş verən etirazlar isə kifayət qədər güclü və amansız güc strukturlarına qarşı uzun müddət davam gətirə bilməz. Həmçinin etirazçıların kənardan gözlədiyi dəstək gəlmədi. ABŞ Prezidenti Donald Tramp etirazçıları dəstəkləsə də onlara vəd etdiyi yardımı göndərmədi. Düşünürəm ki, Trampı geri addım atmağa məcbur edən bir sıra faktorlar vardır”.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, birinci amil etirazların ABŞ-ın gözlədiyi qədər vüsət almamasıdır:
“Etiraz nümayişləri əsasən böyük şəhərlərdə keçirilsə də, kiçik şəhərlərdə və Azərbaycan kimi böyük bir coğrafiyada özünə kifayət qədər dəstək tapmadı.
İkincisi, dövlət strukturları öz monolitliyini qoruyub saxlaya bildi. Güc strukturları və ordu rejimə sadiqliyini etirazçılara qarşı amansızlıqları ilə ortaya qoydular.
Üçüncüsü, ABŞ-da yaxşı anlayırlar ki, dəyişiklik istəyi və hərəkatı hakimiyyətin daxilində də baş qaldırmadan Xomneyini və ya rejimin digər dini liderlərini fiziki cəhətdən məhv etməklə hakimiyyəti dəyişmək mümkün deyil. Hərbi və iqtisadi gücə malik olan İranın ruhani hakimiyyəti qısa vaxtda özünü reabilitasiya etmək imkanlarına malikdir.
Dördüncüsü indiki hakimiyyətin dəyişilməsi ilə İranda hakimiyyəti ələ ala biləcək liderin və ya siyasi gücün olmamasıdır. Bütün İran xalqlarını və sosial təbəqələri razı sala biləcək siyasi qüvvə hazırda İranda və ondan kənarda yoxdur. Belə olan təqdirdə ABŞ hakimiyyətin devrilməsi ilə ölkəni gözləyən qeyri-müəyyən və xaos mühiti yaratmaqda maraqlı olmadı. ABŞ üçün indiki hakimiyyətin devriləcəyi təqdirdə gələcək İranla bağlı aydın və dəqiq təsəvvür vacibdir”.
Elçin Ağamalı hesab edir ki, ancaq bütün bunlar ABŞ- ın İranla bağlı planlarından geri çəkildiyini deməyə əsas vermir:
“Şərtlərin dəyişəcəyi və ya dəyişdiriləcəyi təqdirdə ABŞ İranda hakimiyyətin devrilməsi və orada ABŞ-a və İsrailə loyal siyasi sistemin qurulması yönündəki fəaliyyətini davam etdirəcəkdir”.
Süleyman










































