
Nizami Gəncəvi irsinin təbliği istiqamətində keçirilən görüşlər çərçivəsində Gəncə şəhər 26 saylı lisey-orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi ilə Nizami Gəncəvi Ev Muzeyinin rəhbərliyinin görüşü olub.
Newscenter.az xəbər verir ki, görüşün əsas məqsədi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illik yubileyi münasibətilə orta məktəbdə “Nizami Gəncəvi guşəsi”nin yaradılması, eləcə də şairin zəngin ədəbi-fəlsəfi irsinin gənc nəslə daha dolğun şəkildə çatdırılmasıdır.

Görüş zamanı Nizami Gəncəvinin dünya ədəbiyyatındakı müstəsna yeri, humanist ideyaları, mənəvi dəyərləri və elmi-bədii irsinin əhəmiyyəti barədə geniş məlumat verilib, bu irsin tədris prosesində və tərbiyəvi işlərdə istifadəsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, yaradılacaq guşə şagirdlərin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına, onların mütaliə mədəniyyətinin və dünyagörüşünün zənginləşməsinə mühüm töhfə verəcək.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, gələcək əməkdaşlıq və birgə maarifləndirici layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq razılaşmalar əldə olunub.
Süleyman









































