Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü kimdirsə onun kölgəsində gizlənirlər

Güclü kimdirsə onun kölgəsində gizlənirlər


Bir vaxtlar “mənəvi ata” deyə baş əydikləri rəhbəri ilk təhlükədə satan "tülkü gədə"-lər, yeni rəhbərlik gələn kimi vicdanlarını dəyişdirilmiş paltar kimi əyinlərinə geyinirlər. Dünən diz çöküb sədaqət andı içən əməkdaşlar bu gün eyni dodaqlarla böhtan danışır. Onlar üçün xəyanət utanc deyil, peşədir. Vicdan dəyər yox, maneədir. Bu tip insanlar sədaqəti inanc kimi deyil, alət kimi istifadə edirlər. Güclü kimdirsə onun kölgəsində gizlənirlər. Hakimiyyət dəyişən kimi üzləri də dəyişir.

Dünən rəhbərin çayını süzən əllər bu gün onun məzarını qazmağa hazır olur. Çünki onların yaddaşında nə hörmət var, nə minnətdarlıq, yalnız qorxu və mənfəət. Yeni rəhbər gələndə bu zəhərli insanlar ilk hərəkətə keçənlər olur. Sakit, vicdanlı, zəhmətkeş işçilər kənarda susarkən, yaltaqlar vəzifəyə qalxır. Onlar səsini qaldıran deyil, dəyəri olan insanları sıxışdırıb sıradan çıxarırlar. Çünki dürüstlük onları ifşa edir. Onlar yalanı elə ustalıqla danışırlar ki, həqiqət bir müddət lal qalır. Keçmiş rəhbərin bütün uğursuzluqları birdən-birə “onların fədakarlığına baxmayaraq” baş vermiş olur. Özləri hər zaman guya mübarizə aparıb, sadəcə “eşidilməyiblər”. Halbuki həmin dövrdə qorxudan nəfəs belə almırdılar. Bu insanlar müvəqqəti qalib gələ bilərlər. Çünki yalan sürətlidir. Amma həqiqət ağır addımlarla gəlsə də, sarsıdıcı zərbə vurur. Xəyanətkarın taleyi həmişə eynidir, əvvəl hörmət qazandığını zənn edər, sonra hamının nifrətinə çevrilər.

Ən təhlükəli həqiqət budur ki, birinə xəyanət edən sabah sənə də xəyanət edəcək. Bu xarakter məsələsidir, şərait yox. Amma faciə təkcə onların varlığında deyil. Faciə ondadır ki, sədaqətli insanlar görünmədi, yaltaqlar yüksəldildi. Ədalət susdu, riyakarlıq mükafat aldı. Vicdanla işləyənlər kənara itələndi, dili sürətli olanlar “etibarlı kadr” adı ilə irəli çəkildi. Və bu an sistemin çöküşü başladı. Çünki hər bir qurum və idarə sütun üzərində dayanır. O sütunlar isə yaltaqlıqdan yox, vicdandan hazırlanır. Vicdanı sökülən bina ilk zəlzələdə dağılır.

Bu gün cox hörmətli rəhbər vəzifədə olanlar anlamalıdır ki, sədaqət qorxudan doğulursa, o sədaqət deyil. Hörmət marağa əsaslanırsa, o hörmət deyil. Xəyanəti görüb susan rəhbərlik, bir gün xəyanətin altında qalacaq. Tarix heç vaxt yaltaqları xatırlamır, amma onların dağıtdığı sistemləri acı nümunə kimi yadda saxlayır. Bəziləri qısa yol seçdi. Şərəfi ucuz qiymətə satdı. Vicdanı kresloya dəyişdi. Amma unudulan bir həqiqət var, vəzifə bitir, ad qalır. səlahiyyət gedir, ləkə qalır. Və elə buna görə də, sədaqəti tanımayan rəhbərlik öz sonunu özü yazır. Çünki insanları yox, maskaları seçənlər gec-tez tək qalırlar.

Bu yazı kin deyil. Bu yazı xəbərdarlıqdır. Tarixin saysız dəfə sübut etdiyi bir hökmün təkrarıdır, "Xəyanətlə qurulan heç bir sistem yaşaya bilməz".

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş