Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib

Niderlandda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib


Niderland Krallığının Rotterdam şəhərində Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurası və Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı Ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Newscenter.az-a BAK-dan bildirilib ki, tədbiri Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov açaraq 20 Yanvar hadisəsinin Azərbaycan xalqı üçün nə qədər ağır və faciəvi olsa da, bir o qədər də qürur duyulan bir gün olduğunu deyib. O vurğulayıb ki, bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Səfir çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasındakı müstəsna rolundan, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlardan danışıb. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Tədbirin aparıcısı “BAK”-ın baş məsləhətçisi Lamiyə Babayeva, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, “Hollandiya–Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli, “Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev, “Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının” üzvü Cəfər Gündoğdu,
“20 Yanvar” hadisələri zamanı həyat yoldaşını itirmiş Ofeliya Mehdiyeva, “Beniluks Azərbaycanlıları Konqresinin” I vitse-prezidenti Sima Cəfərova çıxış edərək 20 Yanvar şəhidlərini dərin ehtiramla yad ediblər. Çıxışlarda Avropada yaşayan azərbaycanlıların hər zaman öz dövlətlərinin yanında olduqları, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanına daim sadiq qaldıqları xüsusi vurğulanıb.

Tədbirin bədii hissəsində Hollandiyada yaşayan tanınmış tarzən Cavid Səlimovun və 2007-ci il Muğam müsabiqəsinin qalibi, Beynəlxalq Muğam Mərkəzinin və Dövlət Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanovanın çıxışları təqdim olunub. Səsləndirilən muğam və milli musiqi nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Süleyman
Xəbəri paylaş