
Özbəkistanda 2030-cu ilə qədər qorunan təbii ərazilərin sahəsini respublika ərazisinin 21 faizinə qədər genişləndirmək, havaya zərərli tullantıları 10,5 faiz azaltmaq və hər bölgədə dendroloji və botanika bağlarının yaradılması planlaşdırılır.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev deyib. O bildirib ki, cari ildə isə tullantılardan enerji istehsalı üçün 2 zavodun, növbəti iki ildə isə daha 9 zavodun istifadəyə verilməsi planlaşdırılır:
"Bu da ildə 5,5 milyon ton tullantı emal etməklə istixana qazı tullantılarının 1,1 milyon ton azaldılmasına kömək edəcək.
Ölkəmizdə ekoloji təhsil və elmin vahid ekosistemi formalaşdırılıb, "Yaşıl Universitet" bazasında 10 tədqiqat institutu və mərkəzi və 14 "yaşıl" texniki məktəb birləşdirilib və təxminən 2 milyon gəncin ekoloji savadlılığının artırılması prosesi başlayıb.
Ötən əsrin Aral dənizi faciəsini həll etmək, onun nəticələrini bərpa etmək, Aral dənizi bölgəsini elm və innovasiya məkanına çevirmək məqsədilə 2 milyon hektardan çox deqradasiyaya uğramış torpaqları bərpa edirik".
Süleyman












































