
"Qafqazinfo tərəfindən yayılan məlumat Cənubi Qafqazda təhlükəsizlik mühitinə dair ciddi suallar doğurur. Bu məsələ yalnız hərbi texnikanın nümayişi və ya ayrı ayrı dövlətlər arasında silah əməkdaşlığı kimi qiymətləndirilməməlidir. Burada söhbət regionda formalaşmış yeni reallıqlara münasibətdən, sülh prosesinə yanaşmadan və təhlükəsizlik balansına təsir göstərən siyasi davranışdan gedir".
Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. Onun sözlərinə görə, yayılan məlumata əsasən, diqqət mərkəzində İran istehsalı olan AD 08 “Məcid” mobil hava hücumundan müdafiə sistemi dayanır:
"Bu kompleks aşağı hündürlükdə hərəkət edən hava hədəflərinə, pilotsuz uçuş aparatlarına, helikopterlərə, qanadlı raketlərə və digər alçaqdan uçan obyektlərə qarşı istifadə üçün nəzərdə tutulur. Başqa sözlə, bu, sadəcə parad texnikası deyil, konkret hərbi təyinatı olan və regional təhlükəsizlik baxımından həssas məna daşıyan müdafiə sistemidir.
Ermənistanda bu sistemin “Skorpion” adı ilə təqdim olunması isə onun mahiyyətini dəyişmir. Hərbi texnikanın adı dəyişdirilə bilər, lakin onun mənşəyi, konstruksiyası, funksional təyinatı və siyasi mənası olduğu kimi qalır. Ad kosmetik elementdir, mahiyyət isə faktlarla müəyyən olunur.
Üstəlik, “Skorpion” adı da simvolik baxımdan uğurlu seçim deyil. Çünki skorpion göydə uçmur. O, göydə yalnız qartalın caynaqlarında görünə bilər, özü də artıq ov kimi. Bu mənada yeni adın verilməsi həmin sistemin real təbiətini dəyişdirmir, əksinə, onun ətrafında yaradılmaq istənilən siyasi görüntünün zəifliyini göstərir".
David Seliverstovun qənaətincə, İran anlamalıdır ki, Ermənistanı belə sistemlərlə silahlandırmaq regionda sülhün möhkəmlənməsinə xidmət etmir:
"Bu, nə sülh müqaviləsinə töhfədir, nə də regional sabitliyə məsuliyyətli yanaşmadır. Əksinə, bu cür addımlar revanşist düşüncələrin yenidən canlanmasına, etimad mühitinin zədələnməsinə və Cənubi Qafqazda köhnə qarşıdurma xəttinin saxlanılmasına şərait yarada bilər.
Azərbaycan heç bir dövlətə qarşı təhdid siyasəti yürütmür. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü, dövlət təhlükəsizliyini və xalqının dinc yaşamaq hüququnu müdafiə edir. Tarixi ədalətin bərpasından sonra ölkəmiz regionda kommunikasiya xətlərinin açılmasını, qarşılıqlı əməkdaşlığı, iqtisadi inteqrasiyanı və davamlı sülhün qurulmasını dəstəkləyir".
David Seliverstov diqqətə çatdırıb ki, bu gün Cənubi Qafqaz artıq keçmiş imperiya hesablamalarının meydanı deyil:
"Regionun gələcəyi silahlandırılmış qorxular üzərində deyil, beynəlxalq hüquq, suverenliyə hörmət, qarşılıqlı etimad və real sülh gündəliyi üzərində qurulmalıdır.

Beynəlxalq hüquq müdafiəçisi kimi hesab edirəm ki, hər bir dövlət regionda sülhə xidmət edən davranış nümayiş etdirməlidir. Revanşizmi silahlandırmaq təhlükəsizlik yaratmır. Əksinə, bu, yeni risklərin əsasını qoyur. Odla oynayanlar isə unutmamalıdırlar ki, alov heç vaxt yalnız bir istiqamətdə yanmır.
Skorpion göydə uçmur. Göydə qartal uçur. Skorpion isə orada yalnız qartalın caynağında ov kimi görünə bilər.
Azərbaycanın gücü təhdiddə deyil, hüquqda, ədalətdə və milli iradədədir. Azərbaycanın mövqeyi aydındır: sülh mümkündür, lakin bu sülh ədalət, suverenlik və yeni reallıqlara hörmət əsasında qurulmalıdır".
Süleyman












































