
Paytaxtdakı 32 nömrəli tam orta ümumtəhsil məktəbində Qarabağ Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, müəllimlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəbin direktoru və Nizami rayonu üzrə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə Qarabağ Universitetində formalaşdırılan müasir tədris mühiti, innovativ yanaşmalar və tələbəyönümlü təhsil modeli barədə ətraflı məlumat verib. Rektor abituriyentləri ixtisas seçimində düzgün istiqamətlənmə, akademik inkişaf imkanları və praktik biliklərin qazanılması ilə bağlı məlumatlandırıb. Ş.Bayramov, eyni zamanda universitetdə tətbiq olunan yeni tədris metodları, rəqəmsal resurslardan istifadə və tələbələrin fərdi inkişafına yönəlmiş təşəbbüsləri diqqətə çatdırıb.
Görüşdə universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd və yataqxana imkanları barədə geniş məlumat verilib. Bildirilib ki, Qarabağ Universiteti regionun ali təhsil məkanında müasir yanaşmaların tətbiqi və keyfiyyətli kadr hazırlığı baxımından mühüm rol oynayır. Universitetdə yaradılan akademik və sosial mühit tələbələrin hərtərəfli inkişafına xidmət edir, onların gələcək peşə fəaliyyətinə uğurlu inteqrasiyası üçün geniş imkanlar açır. Xankəndidə yerləşən ali təhsil müəssisəsi gənclərə həm nəzəri biliklər, həm də real təcrübə qazanmaq üçün əlverişli platforma təqdim edir.
Tədbir çərçivəsində universitetin fəaliyyəti və inkişaf konsepsiyasını əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı bukletlər təqdim edilib.
Sonda abituriyentlərin universitetə qəbul şərtləri, ixtisas seçimləri və təhsil imkanları ilə bağlı sualları cavablandırılıb.
Ruhiyyə Mehdiyeva












































