
"Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı planı baş tutmayacaq. Həm seçkiöncəsi ölkədə keçirilən rəy sorğularının nəticələri, həm də xarici amillər onu deməyə əsas verir ki. seçkilərin qalibi hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi seçki bloku olacaq".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Paşinyanın rəqibləri həm seçkiyə vahid şəkildə getmədiyi, həm də siyasi keçmişləri zədəli olduğu üçün onların erməni cəmiyyətinin mütləq əksəriyyət səsini qazanacağı mümkün görünmür:
"Digər tərəfdən Birləşmiş Ştatların prezidenti Donald Trampın bu günlərdə seçkilərdə Nikol Paşinyanı dəstəklədiyi barədə açıqlaması da erməni seçiciləri üçün bir mesaj sayıla bilər. Erməni cəmiyyəti anlamalıdır ki, alternativ qüvvənin hakimiyyətə gəlməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən revanşistlərə səs vermək ermənilərə əlavə problemlər yaratmış olar. Hazırkı normallaşma və münasibətlərin inkişaf etdirilməsi fonunda Ermənistan Azərbaycan vasitəsilə ərzaq və yanacaq təminatını təmin edir. Rusiyanın Ermənistana göndərdiyi mal və məhsullar Azərbaycan ərazisindən problemsiz keçməklə Ermənistana çatdırılır. Seçkilərdə arzuedilməyən nəticənin baş verməsi isə erməniləri bütün bu imkanlardan məhrum edər".
Politoloqun sözlərinə görə, ən başlıcası isə revanşistlərin seçkidə qələbəsi Vaşinqton razılaşmasının yarımçıq qalmasına gətirib çıxarar ki, bu da Ermənistanın Qərbdə, Vaşinqtonda arzuedilməz ölkəyə çevrilməsinə səbəb olar:
"Bütün bunları nəzərə alan erməni cəmiyyəti çox güman ki, iyunun 7-də doğru seçim edəcəklər".
Süleyman












































