
Müasir dünyada enerji təhlükəsizliyi məsələsi sadəcə iqtisadi xarakter daşımır, eyni zamanda dövlətlərin milli təhlükəsizlik və xarici siyasət strategiyalarının ən mühüm sütunlarından birini təşkil edir. Geopolitik risklərin və iqlim dəyişikliklərinin qlobal nizamı yenidən formalaşdırdığı bir dövrdə, etibarlı enerji təchizatçısı və strateji tranzit mərkəzi olmaq hər bir dövlət üçün böyük siyasi çəki deməkdir. Müasir müstəqil Azərbaycan dövləti məhz belə bir çəkiyə və qlobal nüfuza malikdir. 2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində start götürən növbəti "Bakı Enerji Həftəsi" (Baku Energy Week) ölkəmizin bu tarixi missiyasını və qlobal enerji sənayesindəki aparıcı rolunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, özündə üç mühüm tədbiri – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini ("Caspian Oil and Gas"), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisini ("Caspian Power") və 31-ci Bakı Enerji Forumunu birləşdirən bu mötəbər platformanın rəsmi açılış mərasimi genişmiqyaslı müzakirələr və tarixi bəyanatlarla yadda qaldı:
"Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli və dərin məzmunlu çıxış etdi. Dövlət başçısının çıxışı təkcə ötən onilliklər ərzində Azərbaycanın qət etdiyi uğurlu inkişaf yolunun yekunu deyil, həm də gələcək onilliklərdə regionun və Avropanın enerji təhlükəsizliyini formalaşdıracaq yeni strateji yol xəritəsi idi. Bu çıxış ölkəmizin həm ənənəvi karbohidrogen resurslarının idarə edilməsində, həm də qlobal "yaşıl keçid" (bərpa olunan enerjiyə keçid) prosesində nə dərəcədə praqmatik və uzaqgörən siyasət yürütdüyünü bir daha sübut etdi.
Prezident İlham Əliyev öz çıxışında müasir Azərbaycanın enerji diplomatiyasının keçmişinə nəzər salaraq, bu gün əldə olunan nəhəng uğurların təsadüfi olmadığını, onların təməlinin hələ 1990-cı illərin ortalarında qoyulduğunu xüsusi vurğuladı. Dövlət başçısı tam 30 il əvvəl – 1996-cı ilin iyun ayında imzalanmış və dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" müqaviləsinə toxunaraq, bu layihənin Azərbaycanın müasir qaz hasilatında və ixracatında yeni bir səhifə açdığını diqqətə çatdırdı. Ulu Öndər Heydar Əliyevin uzaqgörən neft və qaz strategiyasının davamı olaraq reallaşdırılan bu layihələr, bu gün Azərbaycanı qlobal arenada söz sahibi edən əsas amillərdir".
Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycanın keçdiyi bu yol təkcə iqtisadi göstəricilərlə deyil, həm də qlobal güclərin ölkəmizə olan sonsuz etimadı ilə ölçülür.
Anar












































