
"Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razı Nurullayev parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, deputat seçildiyi rayonda seçiciləri ilə keçirdiyi görüşlərin nəticəsi olaraq belə qənaətə gəlib:
"Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir.
Hər dəfə həmin ailələrə eyni sualı verirəm: “Əmlak sığortanız varmı?” Cavab isə demək olar ki, həmişə “yox” cavabı olur".
Deputatın sözlərinə görə, ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır:
"Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür.
Bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır.
Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik".
Süleyman












































