
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə İsrailin Azərbaycandakı Səfirliyində olub.
Newscenter.az xəbərinə görə, bu barədə məlumat verən Vaqif Abdullayev deyib ki, bu yaxınlarda müəllifi olduğum Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabı nəşr etdirdiyinə görə, diplomat ona dərin minnətdarlığını bildirib:
"Kitabın Səfirliyin binasında öz xüsusi yerini aldığını və diplomatların maraqlı nəşrlərindən birinə çevriləcəyinə əminliyini ifadə etdi.
Cənab Krausz Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə toxundu. Ulu öndər Heydər Əliyevin İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirməsinə, Cənab Prezident İlham Əliyevin də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verməsinə diqqət çəkdi. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə verdiyi yüksək hörmət barədə fikirlər sələndirildi.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi".
Vaqif Abdullayevin sözlərinə görə. səfir bildirib ki, bu cür kitabların nəşr edilməsi iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verir, gələcək nəsillər arasında qarşılıqlı etimad və rəğbəti daha da gücləndirir:
"Bildirdi ki, kitabın Səfirliyin təşəbbüsü ilə ibrit və ingilis dilinə tərcümə olunaraq böyük tirajla yenidən nəşr edilməsi və İsraildə Azərbaycan səfirliyinin, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirakı ilə geniş təqdimatı nəzərdə tutulur.
Cənab Səfir öz imzası ilə təşəkkür məktubunu mənə təqdim etdi. Bir vətəndaş olaraq mənə göstərilən bu dərin hörmət və etimada görə, bir daha dərin təşəkkürümü bildirirəm.
Bu, Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsidir".
Süleyman












































