
"Bu gün Azərbaycan bir qayda olaraq təkcə yerləşdiyi coğrafiyada deyil, ümumilikdə qlobal aspektdə öz təşəbbüsləri, beynəlxalq əhəmiyyət daşıyan məsələlərə həll olunmuş tədbirlərin təşkilatçısı və onları həyata keçirən bir ölkə kimi tanınır. Bu günlərdə Şuşada keçirilən IV Qlobal Media Forumu da bu qəbildəndir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Bakının evsahibliyi etdiyi bir çox beynəlxalq əhəmiyyətli tədbirlər kimi artıq Qlobal Media Forumu da qlobal bir platformaya çevrilir:
"Hər halda forumda iştirakçı sayının hər ötən il bir qədər də artması belə deməyə əsas verir. Əgər bundan əvvəlki 3-cü forumda 140 iştirakçı var idisə, IV Şuşa Qlobal Media Forumunda iştirakçıların sayı 160-dan artıq idi. Bu rəqəm foruma maraq göstərən ölkələrin sayında da özünü göstərirdi. Əvvəlki forumlardan fərqli olaraq bu dəfə 53 ölkədən nümayəndə iştirak edirdi"
Arzuman Muradlı qeyd edib ki, IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri medianın sülhün möhkəmləndirilməsində roludur:
"Müasir dünyada media yalnız informasiya yayan vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə və etimadın bərpasına təsir göstərən mühüm institutdur. Dəqiq, obyektiv və balanslı məlumatların yayılması münaqişələrdən sonra sülhün möhkəmlənməsinə və cəmiyyətlər arasında etimadın yaranmasına töhfə verir. Bu baxımdan forum medianın məsuliyyəti və peşə etikası məsələlərinin müzakirəsi üçün də vacib platformadır".
Politoloq qeyd edib ki, forumun işğaldan azad edilmiş ərazilərdə, mədəniyyət beşiyimiz sayılan Şuşada keçirilməsi də əhəmiyyətlidir:
"Bu tədbir bizə həm də 44 günlük Vətən Müharibəsindən keçən dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyimiz quruculuq-abadlıq işlərinin xarici KİV-lər vasitəsilə dünyaya çatdırılmasına imkan yaradır. Eyni zamanda erməni vandalizminin işğal dövründə Qarabağda həyata keçirdiyi dağıntıların bir daha beynıəlxalq ictimaiyyətə çatdırılması baxımından da Qlobal Media Forumu olduqca əhəmiyyətlidir".
Süleyman












































