
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının siyasi, iqtisadi və informasiya gündəliyinə təsir göstərən aparıcı dövlətlərdən biridir. Şuşanın dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini qəbul etməsi ölkəmizin beynəlxalq nüfuzunun getdikcə daha da artdığını göstərir.
Əslən Şuşalı biri kimi doğma şəhərimin bu gün belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsini böyük qürur hissi ilə izləyirəm. Vaxtilə işğal və dağıntılarla üz-üzə qalan Şuşanın bu gün yenidən dirçələrək dünyanın diqqət mərkəzinə çevrilməsi Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə qazandığı uğurların və müəyyən etdiyi strateji inkişaf yolunun aydın ifadəsi idi. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və beynəlxalq əməkdaşlıq sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.
Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, etibarlılıq və bərabər tərəfdaşlıq prinsiplərinə sadiq qalması ölkəmizin beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir. Bu gün dünyanın bir çox dövlətləri enerji təhlükəsizliyi, logistika və regional əməkdaşlıq məsələlərində Azərbaycanla sıx tərəfdaşlığa xüsusi önəm verir.
Qarabağ üzərində tam suverenliyin bərpa olunması ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastruktur layihələri, insanların doğma yurdlarına qayıdışı və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın qazandığı Zəfərin davamlı inkişafla möhkəmləndiyini göstərir.
Şuşanın dirçəlişi mənim üçün təkcə bir şəhərin yenidən qurulması deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu torpaqlarda doğulmuş bir insan olaraq hər yeni layihəni, hər tikilən yolu, hər açılan müəssisəni böyük sevinc və qürur hissi ilə qarşılayıram. İnanıram ki, Şuşa yaxın illərdə yalnız Azərbaycanın deyil, bütün regionun ən mühüm mədəniyyət, turizm və iqtisadi mərkəzlərindən birinə çevriləcək.
Aztürk Holding olaraq biz də Azərbaycanın sosial-iqtisadi inkişafına, xüsusilə Qarabağın bərpası və bölgənin iqtisadi potensialının artırılmasına töhfə verməyi özümüz üçün məsuliyyət hesab edirik. Dövlətimizin həyata keçirdiyi inkişaf strategiyası özəl sektor üçün də yeni imkanlar yaradır və biz bu imkanlardan istifadə edərək ölkəmizin gələcəyinə töhfə verməyə davam edəcəyik.
İnanıram ki, güclü dövlət, güclü iqtisadiyyat və milli birlik Azərbaycanın gələcəyinin əsas dayaqlarıdır. Şuşadan dünyaya verilən mesaj isə aydındır: Azərbaycan müstəqil, qalib və qüdrətli dövlətdir. Bu inkişaf yolu bundan sonra da inamla davam edəcək və hər bir azərbaycanlı üçün qürur mənbəyi olacaq.
Güləli Bağırov,
Azturk Holdinqin prezidenti












































