
"IV Şuşa Qlobal Media Forumu zamanın tələblərinə uyğun keçirilən uğurlu platformalardan biri oldu. Bu gün media artıq əvvəlki media deyil. Süni intellekt, rəqəmsallaşma və sosial platformalar informasiyanın əldə olunması və yayılması qaydalarını tamamilə dəyişib. İnsanlar xəbəri televiziya efirini gözləmədən bir neçə saniyə ərzində əldə edirlər və bu reallıq media üçün yeni yanaşmalar tələb edir".
Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, məhz buna görə forumun builki formatını tam təbii hesab edirəm:
"Burada iştirak edən jurnalistlərin, ekspertlərin və bloqerlərin seçimi də müasir informasiya mühitinin tələblərinə uyğun idi. Çünki bu gün auditoriyaya təsir təkcə televiziya ekranı ilə deyil, rəqəmsal platformalar və yeni kommunikasiya vasitələri ilə formalaşır".
David Seliverstov deyib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu qlobal texnoloji transformasiyanın fəal iştirakçılarından birinə çevirir:
"Bu isə göstərir ki, ölkəmiz süni intellekt və innovasiyaların tətbiqini yalnız texnologiya sahəsində deyil, media siyasətində də strateji inkişaf istiqaməti kimi görür.
Düşünürəm ki, gələcəyin mediasında əsas üstünlük ən yüksək səsə deyil, ən yüksək etimada məxsus olacaq. Texnologiya xəbəri bir neçə saniyəyə dünyaya çatdıra bilər, amma həqiqətin dəyərini hələ də insanın peşəkarlığı, məsuliyyəti və cəmiyyətin ona olan inamı müəyyən edir".
Süleyman












































