
Azərbaycan və Özbəkistan arasında biznes sahəsində əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi məqsədilə daha bir uğurlu addım atılıb.
Newscenter.az xəbər verir ki, qeyd edilən məqsədlər üçün yaradılan Özbəkistan-Azərbaycan Biznes Klubunun (UzAz Biznes Klubu" təqdimat mərasimi keçirilib.

Daşkənd şəhərindəki Bentley Hotel-də baş tutan təqdimat mərasimi böyük marağa səbəb olub. Çıxış edənlər bildiriblər ki, sözügedən biznes klub Azərbaycan və Özbəkistan arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və sahibkarlar arasında yeni körpülərin salınması istiqamətində mühüm təşkilat olacaq.
Ümumilikdə 8 şirkətin nümayəndəsi İdarə Heyətinin üzvü seçilib. Azərbaycan tərəfini PAŞA Holdinq, Azərsun Holdinq, Sur Gold və Azestetik Group, Özbəkistan tərəfini isə daha 4 aparıcı şirkətin nümayəndələri təmsil edəcəklər.
Tədbiri giriş nitqi ilə açan UzAz Biznes Klubunun İdarə Heyətinin sədri Elxan Mikayılov, “Özbəkistan-Azərbaycan İş Adamları Klubu”nun (UZAZ Biznes Klubu) yaradılmasının əsas məqsədləri, klubun fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verib. O vurğulayıb ki, klub Azərbaycan və Özbəkistan sahibkarlarını vahid platformada birləşdirərək yeni əməkdaşlıqların formalaşmasına və biznes əlaqələrinin sistemli şəkildə inkişafına xidmət edəcək.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan Biznes Klubunun təqdimatı Networkstan, ASR Distribution and Development Group, Azərbaycan Sahibkarlar Konfederasiyası və Özbəkistan Ticarət və Sənaye Palatasının birgə tərəfdaşlığı ilə keçirilib.
Süleyman













































