Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibb işçilərinin əməyinə verilən yüksək dəyər

Tibb işçilərinin əməyinə verilən yüksək dəyər



“Səhiyyə hər bir dövlətin sosial siyasətində xüsusi və mühüm yer tutan sahələrdən biridir. İnsan sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir səhiyyə infrastrukturunun formalaşdırılması və tibb işçilərinin sosial rifahının təmin olunması dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycanda son illər səhiyyə sahəsində həyata keçirilən ardıcıl tədbirlər də məhz bu məqsədlərə xidmət edir”.

Newscenter.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru Arzuman Muradlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin əmək haqlarının artırılmasını şərh edərkən səsləndirib. O bildirib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə tibb işçilərinin əməyinə diqqətin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi səhiyyə sahəsinə göstərilən dövlət qayğısının mühüm ifadəsidir:

”Əməkhaqlarının artırılması ilk növbədə tibb işçilərinin əməyinə verilən dəyərin göstəricisidir. Maddi təminatın yaxşılaşdırılması səhiyyə əməkdaşlarının sosial rifahına müsbət təsir göstərməklə yanaşı, onların peşələrinə olan motivasiyasının və məsuliyyət hissinin daha da güclənməsinə şərait yaradır. Çünki keyfiyyətli səhiyyə xidmətinin əsas dayaqlarından biri məhz öz əməyinin dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən peşəkar tibb işçisidir.

Səhiyyənin inkişafını yalnız yeni xəstəxanaların və tibb müəssisələrinin tikintisi, müasir avadanlıqların alınması ilə məhdudlaşdırmaq olmaz. Ən müasir tibbi texnologiyaların tətbiqi ilə yanaşı, həmin texnologiyalardan istifadə edən peşəkar və yüksək hazırlıqlı kadrların yetişdirilməsi də vacibdir. Bu baxımdan tibb işçilərinin sosial və maddi vəziyyətinin yaxşılaşdırılması səhiyyə siyasətinin ayrılmaz hissəsidir".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsində aparılan islahatların əsas məqsədlərindən biri əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların sağlamlığının daha etibarlı şəkildə qorunmasıdır;

”Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə xüsusi diqqəti cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir. Onun təşəbbüsü ilə həyata keçirilən müxtəlif sosial və humanitar layihələr insanların sağlamlığının və rifahının qorunmasına yönəlmiş mühüm fəaliyyət nümunələri kimi yadda qalır. Bu yanaşmanın əsasını insan amilinə verilən yüksək dəyər, vətəndaşların sosial rifahının yaxşılaşdırılması və xüsusilə həssas qruplara diqqət təşkil edir”.

Süleyman
Xəbəri paylaş