
Biz bir vaxtlar böyük ağrı-acılarla dolu işğal günlərini hər il dərin kədər hissilə qeyd edirdik. Ancaq altı il öncə hər şey kökündən dəyişdi. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Böyük Zəfər işğal günlərini şəhər günləri ilə əvəzlədi. Və budur, Cəbrayıl Şəhəri Gününün ardınca, biz bu gün Füzuli Şəhəri Gününü təntənə ilə qeyd edirik. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü elan olunub.
17 Oktyabr - Füzuli Şəhəri Günü həm ən yeni tariximizin mühüm səhifələrindən birini təşkil edən Zəfər Salnaməsinin simvolik ifadəsi, həm də Azərbaycan xalqının öz tarixi torpaqlarına Böyük Qayıdışının parlaq təzahürüdür. Bu əlamətdar tarix Füzulinin acılı işğal günlərinin ağır nəticələrini ehtiramla yad etməklə bərabər, şəhidlərimizin qəhrəmanlığını xatırlamaq və ölkəmizin bu gününə, gələcəyinə inamla baxmaq üçün istinad mənbələrimizdən biridir. Ağır sınaqlarla üzləşən füzulililər uzun illər doğma yurdlarına qayıdış arzusu ilə yaşayıblar. Onlar bu gün Füzuli şəhərnin yenidən qurulmasını və öz ata-baba torpaqlarına qayıtmalarını böyük sevinc və qürur hissilə qeyd edirlər.
2020-ci il oktyabrın 17-si müasir hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olunub. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yaddaşlarımıza yazılıb. Onu da unutmamalıyıq ki, Füzuli uğrunda aparılan savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərimizdən biri olub. Belə ki, düşmən 30 il ərzində cəbhənin Füzuli istiqamətində möhkəm istehkamlar qurmuşdu. Buna görə də ermənilər lovğalanaraq elə hesab edirdilər ki, Azərbaycan Ordusu Füzulini işğaldan azad edə bilməyəcək. Lakin bizim Şanlı Ordumuz bu mifləri qırdı və Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu açıq döyüş meydanında bir daha sübut etdi.
Döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz qalib Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstəriblər. Beləliklə, həmin gün uğurlu Füzuli əməliyyatının nəticəsində Füzuli şəhəri ilə yanaşı, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilib. Bu qələbə rəşadətli Azərbaycan Ordusunun yenilməz döyüş ruhunun, xalqımızın birliyinin və dövlətimizin qətiyyətinin təntənəsi idi.
Düşmənin tamamilə məhv etdiyi Füzuli şəhəri indi yenidən qurulur. Orada aparılan böyük quruculuq işləri keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasına və burada yeni həyat qurmasına imkan yaradır. Bu gün Füzulinin dirçəlişi Qarabağda həyatın bərpasının və Böyük Qayıdışın real göstəricisi, Azərbaycan xalqının parlaq gələcəyə inamının əyani təzahürüdür. Fürsətdən istifadə edib 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə həm füzulililəri, həm də bütün xalqımızı ürəkdən təbrik edir, ölkəmizə isə əbədi sülh arzulayıram.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































