Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin sülh və təhlükəsizlik mesajları

Azərbaycan Prezidentinin sülh və təhlükəsizlik mesajları


Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyi, regional münaqişələrin artdığı, bununla paralel olaraq sülh və təhlükəsizlik məsələlərinin prioritet təşkil etdiyi bir dövrdə dövlətləri, bəşəriyyəti sülhə səsləyən çağırışların ön plana çıxması günümüzdə aktuallıq kəsb edir.

Buna nail olmağın yeganə yolu isə dövlətlər arasında dialoqun inkişaf etdirilməsi, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsinə daha çox yer ayrılmasıdır. Elə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən zirvə görüşü də məhz bu məqsədə xidmət edirdi. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də zirvə görüşündəki çıxışının əsas ana xəttini məhz sülh və təhlükəsizlik məsələləri təşkil edirdi.

Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi rolu getdikcə daha da artmaqdadır. Hər bir region ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq quran Bakı, eyni zamanda özünün dəyişməz mövqeyi və prinsipiallığı ilə bir sıra qızıl qaydalara riayət edilməsinin də tərəfdarıdır. Bu qızıl qaydalara ərazi bütövlüyü və suverenliyə hörmətlə yanaşmaq, ölkələrin daxili işlərə qarışmamaq, sülh və təhlükəsizliyi möhkəmləndirmək daxildir. Ancaq təəssüflər olsun ki, Azərbaycan heç də hər zaman özünün sadiq olduğu münasibətlə qarşılaşmır, qeyri-dost, qeyri-səmimi yanaşma və ikili standartlarla üzləşir. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir:

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir”.

Ən acı reallıq isə ondan ibarət idi ki, bütün bunlar sivil dünyanın, insan hüquq və azadlıqlarından bəhs edən dövlətlərin, ayrı-ayrı təşkilatların gözü qarşısında baş verirdi. 30 il bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün hüquq və azadlıqlarını yada salmayan Avropa Parlamenti və digər bu kimi nüfuzlu siyasi təsisatlar bu azmış kimi ötən illər ərzində Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe sərgiləməkdən də çəkinmədilər. Dövlət başçısının təbirincə desək beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu isə Azərbaycan Prezidentinin haqlı olaraq qeyd etdiyi kimi məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.

Cəzasızlıq sindromunun hökm sürməsi və beynəlxalq təşkilatların susqunluğu, ən əsası Azərbaycanı işğalla barışmağa razı salmaq kimi çirkin məqsədlər Ermənistanı əlavə ərazilər zəbt etmək üçün həvəsləndirir, Azərbaycana qarşı davamlı aqressiyaya sürükləyirdi. Beləliklə, 2020-ci ilin iyul və avqust aylarında Ermənistan tərəfinin növbəti təxribatları və nəticədə azərbaycanlı hərbçilər həlak olması Azərbaycan xalqının səbrini tükəndirdi. Sentyabr ayında həyata keçirilən əks-hücum əməliyyatı ilə düşmənin 30 ilə yaxın formalaşdırmış olduğu məğlubedilməzlik mifi tamamilə darmadağın oldu. İkinci Qarabağ Müharibəsinin başlanma zərurəti və nəticələri barədə görüş iştirakçılarını bir daha ətraflı şəkildə məlumatlandıran Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir:

“Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı.

Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi”.

Azərbaycan döyüş meydanında inamlı qələbə qazanmasına baxmayaraq, hər zaman sülh gündəliyinə sadiq olub və bu gün də regionda qarşılıqlı faydalı əməkdaşlığın əsas ana xəttini daimi sülh və təhlükəsizliyin təminatında görür. Bu gün də Bakı eyni yanaşmanı ortaya qoyur və mövqeyi dəyişməz olaraq qalır. Elə Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışının əsas ağırlığı da məhz sülh və təhlükəsizliyinə, rifaha yönəlmişdi. Bir sözlə AQEM zirvə görüşü həm Azərbaycan liderinin dünyaya sülh və təhlükəsizlik mesajları ünvanlaması ilə yadda qaldı, həm də Bakının Asiya və Avropa ilə əməkdaşlığının prioritet təşkil etdiyi bir daha təsdiqini tapdı.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş