
Dünən Füzuli Şəhəri Gününü qeyd etdik; bu gün – 18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür.
Müstəqillik ulusun öz taleyinə yiyə durmaq qüdrətidir. O, bayrağın yüksəlməsi, sərhədlərin müəyyənləşməsi, dövlətin beynəlxalq aləmdə tanınması olmaqla birgə, həm də düşüncənin özgürlüyü, milli iradənin bütövlüyü, tarixi yaddaşın gələcəyə çevrilməsidir.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən, əslində, tariximizin yarımçıq qalmış bir cümləsini davam etdirdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən yazılmağa başlanmış o böyük, qutlu cümlə 1920-ci ildən başlayan yetmiş bir illik Sovet hakimiyyətindən sonra yenidən öz məntiqinə, öz ruhuna, nidasına qovuşdu!
Bu gün həmin tarixi hadisədən 35 il keçir. Qutlu olsun!
35 il insan ömründə bir nəslin yetkinləşməsi, dövlət ömründə isə böyük sınaqlardan keçərək özünü təsdiqləməsi üçün yetərincə ciddi zaman kəsiyidir. Azərbaycan bu illər boyu yalnız müstəqilliyini qorumaqla yetinmədi; dövlətçiliyinin siyasi, iqtisadi, hərbi, diplomatik və mənəvi dayaqlarını yenidən qurdu.
İlk illərin sarsıntıları, torpaq itkiləri, siyasi böhranlar və ağır sosial-iqtisadi çətinliklər müstəqilliyin nə qədər böyük nemət, eyni zamanda nə qədər ağır məsuliyyət olduğunu göstərdi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət institutlarının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası, enerji strategiyasının formalaşdırılması Azərbaycanın sonrakı inkişafının çox vacib əsaslarını yaratdı.
Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi imkanlarının genişlənməsi, infrastrukturun yenilənməsi, beynəlxalq yükdaşıma və enerji layihələrinin həyata keçirilməsi, ordunun gücləndirilməsi dövlət müstəqilliyinə yeni məzmun qazandırdı.
2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyin bərpası isə bu 35 ilin tarixi-siyasi zirvələrindəndir. Beləliklə, müstəqilliyin hüquqi ifadəsi ilə ərazi üzərində faktiki suverenlik arasında uzun illər mövcud olmuş ağır ziddiyyət aradan qalxdı.
Bəli, dövlətin böyüklüyü qazandığı qələbələrlə birgə, həmin qələbələrdən sonra yaratdığı yaşamla, sözün elə böyük anlamında BÖYÜK QAYIDIŞLA da ölçülür.
Bu gün Qarabağda və Zəngəzurun gündoğarında aparılan bərpa-quruculuq işləri, bax, bu baxımdan ayrıca anlam daşıyır. Yollar, körpülər, məktəblər, yaşayış məntəqələri, mədəniyyət ocaqları məgər yalnız fiziki infrastruktur kimimi çıxış edir? – Bunlar yurdla insan, yaddaşla gələcək arasında yenidən qurulan bağlardır. Böyük Qayıdışın ən dərin anlamı da insanın öz doğma torpağında yenidən həyat qurmasıdır.
Müstəqilliyin 35 ilinə kulturoloji baxış bizi daha bir mühüm qənaətə gətirir: dövlətin siyasi müstəqilliyi onun mənəvi və intellektual müstəqilliyi ilə tamamlanmalıdır. Çün dövlət sərhədləri qoruyur, mədəniyyət isə həmin sərhədlər içində yaşayan toplumun kimliyini, dəyərlərini, varolma anlamını qoruyur. Elm, təhsil, ədəbiyyat, incəsənət, ana dili, milli düşüncə və ictimai əxlaq dövlətçiliyin görünməyən, lakin əvəzolunmaz dayaqlarıdır. müstəqilliyin hüquqi ifadəsi ilə ərazi üzərində faktiki suverenlik arasında uzun illər mövcud olmuş ağır ziddiyyət aradan qalxdı.
Bu 35 ildə Azərbaycan dünyaya daha geniş açıldı. Beynəlxalq təşkilatlarda təmsilçilik, çoxşaxəli diplomatiya, Türk dünyası ilə inteqrasiyanın dərinləşməsi, mədəniyyətlərarası dialoq təşəbbüsləri ölkəmizin coğrafi mövqeyini siyasi və mədəni imkanlara çevirdi. Azərbaycan artıq bölgəsəl proseslərdə öz mövqeyi, təşəbbüsləri və qərarları olan dövlətdir.
Bununla belə, müstəqilliyin yetkinlik ölçüsü keçilmiş yolun uğurlarını görməklə yanaşı, qarşıdakı vəzifələri də düzgün müəyyənləşdirməkdir. Elmin və təhsilin davamlı inkişafı, hüquqi və sosial dəyərlərin möhkəmlənməsi, vətəndaş məsuliyyətinin yüksəlməsi, yaradıcı düşüncənin və insan kapitalının zənginləşməsi bundan sonrakı tərəqqimizin də mühüm istiqamətlərini təşkil edəcəkdir.
Müstəqillik bütün digər məziyyətlərlə birgə, həm də toplumun gerilikdən, ətalətdən, xurafatdan, düşüncə tənbəlliyindən və mənəvi asılılıqlardan qurtulmaq iradəsidir.
Burada məhz mədəniyyət və özəlliklə dərin mədəniyyət anlayışı xüsusi önəm qazanır. – Dərin mədəniyyət – insanın öz azadlığını başqasının hüququna sayğıyla, milli kimliyini ümumbəşəri dəyərlərlə, tarixi qürurunu gələcək qarşısında məsuliyyətlə uzlaşdıra bilməsidir. Belə bir mədəniyyətin daşıyıcısı olan toplum müstəqilliyi yalnız bayram günlərində xatırlamır, onu gündəlik davranışında, əməyində, sözündə, seçimində yaşadır.
Müstəqilliyi əldə etmək tarixi hadisədir, onu qorumaq siyasi iradədir, onu ləyaqətlə yaşatmaq isə mədəniyyət hadisəsidir. – 35 ilin ən böyük dərslərindən biri də bax, elə budur.
İndi qarşımızda yeni bir üfüq açılır. Bu üfüqdə güclü dövlətlə yetkin vətəndaş, iqtisadi tərəqqi ilə mənəvi yüksəliş, milli çıxarlarla ümumbəşəri məsuliyyət bir-birini tamamlamağı haqq edir.
1918-ci ilin Cümhuriyyət idealı, 1991-ci ilin istiqlal hadisəsi, 2020-ci ilin Zəfər ruhu və 2023-cü ilin bütöv suverenlik gerçəkliyi eyni tarixi xəttin ayrı-ayrı mərhələləridir. Bu xəttin gələcək davamını isə bizim bugünkü ağlımız, əməyimiz, əxlaqımız və mədəniyyətimiz müəyyən edəcək.
Müstəqillik keçmişdən aldığımız ən böyük miraslardan biri, gələcəyə ötürəcəyimiz ən böyük əmanətdir!
Yaşasın müstəqillik! Azərbaycan Respublikasının bayrağı daim uca olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI












































