
Cəmiyyətin sağlamlığı ailələrin sağlamlığından, insanların düzgün həyat tərzi seçməsindən və sağlamlıq məsələlərində məlumatlı olmasından birbaşa asılıdır. Bu baxımdan ailə dəyərlərinin qorunması, uşaqların sağlam böyüməsi və gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, təşkilatın fəaliyyətində yeni mərhələnin başlanması daha geniş sosial hədəflərə xidmət etmək zərurətindən irəli gəlir. Əvvəllər “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi adı ilə fəaliyyət göstərən qurum regionlarda irsi xəstəliklərlə bağlı maarifləndirmə tədbirləri keçirib, bu xəstəliklərin yaranma səbəbləri və profilaktikası barədə əhalinin məlumatlandırılmasına çalışıb.
E.Nəbili qeyd edib ki, əldə olunan təcrübə gələcək fəaliyyət üçün mühüm zəmin yaradıb. Bununla belə, sağlam cəmiyyətin formalaşdırılması daha geniş məsələləri əhatə etdiyindən təşkilatın fəaliyyət istiqamətlərinin də genişləndirilməsi qərara alınıb.
“Bu gün qarşımızda duran əsas vəzifələrdən biri sağlam ailə modelinin təşviqi, uşaqların və gənclərin sağlamlığının qorunması, insanların sağlam həyat tərzinə marağının artırılmasıdır. İrsi xəstəliklərlə bağlı maarifləndirmə fəaliyyətimizi davam etdirməklə yanaşı, ailə sağlamlığını və cəmiyyətin rifahını əhatə edən yeni layihələrə də üstünlük verəcəyik”, – deyə o bildirib.
Təşkilat sədrinin sözlərinə görə, qarşıdakı dövrdə əhalinin müxtəlif qruplarını əhatə edən maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial layihələrin hazırlanması və ictimai təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur. Bu fəaliyyətlərdə sağlamlığın qorunması ilə yanaşı, ailə dəyərlərinin möhkəmləndirilməsi və cəmiyyətdə sosial məsuliyyət hissinin artırılması da əsas istiqamətlərdən olacaq.
E.Nəbili vurğulayıb ki, nəzərdə tutulan məqsədlərin reallaşdırılması üçün aidiyyəti dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, ictimai birliklər və cəmiyyətin fəal nümayəndələri ilə əməkdaşlıq vacibdir.
O əlavə edib ki, təşkilatın yeni adı yalnız fəaliyyət istiqamətlərinin genişlənməsini deyil, həm də sağlam gələcəyin qurulmasına daha geniş töhfə vermək istəyini ifadə edir.
“İnanırıq ki, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Hər bir ailədə sağlamlığın qorunmasına, düzgün həyat tərzinə və gələcək nəslin rifahına diqqət yetirilməsi bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Məqsədimiz bu istiqamətdə maarifləndirmə işlərini gücləndirmək və insanların həyatına müsbət təsir göstərə biləcək təşəbbüsləri davam etdirməkdir”, – deyə E.Nəbili bildirib.
Süleyman












































