
Zəngilanın azadlığı Azərbaycan xalqının milli iradəsinin, Müzəffər Ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. Bu gün Zəngilan təkcə işğaldan azad edilmiş bir torpaq deyil, həm də xalqımızın sarsılmaz vətən sevgisinin, ərazi bütövlüyümüzün bərpası uğrunda göstərilən fədakarlığın və gələcəyə inamın rəmzidir. Zəngilan Gününün qeyd olunması tariximizin şanlı səhifələrini yenidən xatırlamaq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığını yüksək qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün xalqımızın yaddaşında qələbə sevinci ilə yanaşı, doğma torpaqlarımızın hər qarışına bağlılığımızı və milli birliyimizin gücünü ifadə edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə misilsiz qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Müzəffər Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və tarixi ədaləti təmin etmək naminə böyük əzmkarlıq göstərmişdir. Zəngilan rayonunun azad olunması da bu möhtəşəm qələbənin mühüm mərhələlərindən biri olmuşdur. Azərbaycan əsgərinin cəsarəti, peşəkarlığı, döyüş ruhu və Vətənə sonsuz sədaqəti bir daha sübut etmişdir ki, xalqımızın azadlıq iradəsini heç bir qüvvə sındıra bilməz. Hər bir döyüş əməliyyatı, hər bir irəliləyiş torpaqlarımızın bütövlüyü naminə aparılan mübarizənin tərkib hissəsi olmaqla, gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq nümunəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Müzəffər Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi rəşadətin və qəhrəmanlığın təcəssümü kimi “Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Zəngilan şəhərinin və rayonun kəndlərinin işğaldan azad edilməsi uğrunda aparılmış hərbi əməliyyatlarda şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Həmin medal yalnız bir təltif nişanı deyil, həm də Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş hərbçilərimizin qəhrəmanlığının, fədakarlığının və dövlətimizin onlara göstərdiyi ehtiramın rəmzidir. Bu mükafat Zəngilan uğrunda döyüşən igidlərin adlarını tarixə yazan, onların şücaətini gələcək nəsillərə çatdıran mənəvi dəyər daşıyır. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin göstərdiyi iradə və dözüm isə hər birimiz üçün vətənpərvərlik nümunəsi olaraq qalacaqdır.
Zəngilanın azad edilməsi ilə rayonun həyatında yeni bir mərhələnin əsası qoyulmuşdur. Uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin öz torpaqlarına qayıtması, dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması və bölgənin iqtisadi potensialının bərpa edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. İşğaldan azad edildikdən dərhal sonra Zəngilan rayonunda genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələrinin icrasına başlanılmışdır. Bu işlər yalnız binaların, yolların və digər obyektlərin tikintisi ilə məhdudlaşmır. Əsas məqsəd insanların öz doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürməsi, yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsi və Zəngilanın davamlı inkişaf edən müasir yaşayış məkanına çevrilməsidir. Hər yeni tikilən ev, çəkilən yol, istifadəyə verilən sosial obyekt doğma torpaqların dirçəlişinə və Böyük Qayıdışın gerçəkləşməsinə xidmət edir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































