
"Azərbaycan təkcə Cənubi Qafqazda deyil, eləcə də digər regionlarda cərəyan edən proseslərin aktiv iştirakçısına çevrilir, eyni zamanda bu və ya digər regionda, ayrı-ayrı ölkələr arasında yaranan ziddiyyətlərin aradan qaldırılmasında fəal rol oynayır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl -Şaaranın bu günlərdə Azərbaycana baş tutan işgüzar səfəri deyilənlərin təsdiqidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, tarixi köklərə bağlı Azərbaycan-Suriya əlaqələri Bəşər Əsədin yalnış siyasəti və Azərbaycana olan düşmən münasibəti səbəbindən bir müddət korlanmış, qırılma nöqtəsinə gəlib çıxmışdı:
"Suriya ilə münasibətlərin korlanmasında Bəşər Əsəd hakimiyyətinin ermənipərəst mövqe tutuması da mühüm rol oynayırdi. Hətta Qarabağ müharibəsi zamanı Əsəd hakimiyyəti erməni terrorçularına hərbi və canlı qüvvə sarıdan dəstək də verməkdən çəkinmirdi. Döyüşlər zamanı Ermənistan tərəfində döyüşən muzdlular sırasında suriyalıların olması faktlarla təsdiqini tapmış və ələ keçirilən hərbi texnikaların Suriyadan ötürüldüyü sübuta yetirilmişdi. Ona görə də Azərbaycan haqlı olaraq Suriyanın keçmiş rejimi ilə bütün diplomatik münasibətləri kəsmişdi".
İlham Məmmədov qeyd edib ki, Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən və keçid hakimiyyəti formalaşdıqdan sonra Azərbaycan bu ölkə ilə əlaqələrə yenidən nəzər salmalı oldu və qısa müddət sonra Suriyadakı diplomatik fəaliyyətini bərpa etdi:
"Eyni zamanda keçid dövründə olan Suriyaya Azərbaycan öz humanitar dəstəyini verdi, bu ölkəyə yardımlar göndərdi. Təbii ki, bütün bu proseslər də Suriyanın keçid hökuməti tərəfindən təqdir edilir və Dəməşqin Bakıya olan marağını artırır. Əhməd əl-Şaranın bu günlərdə Azərbaycana baş tutan səfəri də bu maraqdan irəli gəlir".
Deputatın sözlərinə görə, sözügedən səfər çərçivəsində Bakıda İsrail-Suriya danışıqlarının keçirilməsinə dair xəbərlərin yayılması onu deməyə əsas verir ki, Azərbaycan artıq sülhə, sabitliyə töhfə verən bir məkan kimi tanınır, diplomatik məsələlərin müzakirə edildiyi əsas aktor rolunu oynayır:
"Yaxın tariximizdə Amerika və Rusiyanın, eləcə də NATO və Rusiyanın yüksək rütbəli rəsmilərinin Bakıda bir araya gəlməsi, Türkiyə və İsrail görüşləri üçün məhz Azərbaycanın seçilməsi bütün bu deyilənləri təsdiqləyir. Bir sözlə, Azərbaycan təkcə yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda deyil, eləcə də dünyada sülh və sabitliyin təmin olunmasına öz gərəkli töhfəsini verir.
Süleyman