Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnkişafı şərtləndirən ən mühüm sahələrdən biri, güclü iqtisadiyyatdır

İnkişafı şərtləndirən ən mühüm sahələrdən biri, güclü iqtisadiyyatdır


"Bir dövlətin varlığı və onun tarixi taleyinin formalaşması bir neçə fundamental amildən asılıdır. Ölkənin yerləşdiyi geosiyasi məkan, coğrafi mövqeyi, təbii sərvətləri, xalqın spesifik milli-mənəvi xüsusiyyətləri və strateji siyasi idarəetmə dövlətin gələcəyini həll edən əsas sütunlardır. Azərbaycanın keçdiyi tarixi yol ata-babalarımızın uzun illər boyu üzləşdiyi bir çox çətinliklər və sınaqlarla dolu olmuşdur. Şübhəsiz ki, bu çətinliklərin arxasında böyük geosiyasi, iqtisadi və siyasi səbəblər dayanırdı. Lakin bütün bunlara baxmayaraq, bu gün biz fəxrlə deyə bilərik ki, ölkəmiz siyasi, iqtisadi və suverenlik baxımından təhlükə yarada biləcək riskləri maksimum dərəcədə neytrallaşdırmağa və minimuma endirməyə nail olmuşdur".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, inkişafı şərtləndirən ən mühüm sahələrdən biri, şübhəsiz ki, güclü iqtisadiyyatdır:

"Dayanıqlı iqtisadi təməllərə malik olan dövlət həm özünün hərtərəfli tərəqqisini təmin edir, həm də vətəndaşlarının rifah səviyyəsinin yüksəlməsinə nail olur. Bu müstəvidə zəngin təbii sərvətlərimiz, sənaye, kənd təsərrüfatı və müasir texnologiyalar mühüm rol oynayır. Bu gün Azərbaycanda texnoloji infrastruktur kifayət qədər müasirdir və ölkəmiz qlobal texnoloji inqilabın fəal tərkib hissəsi kimi bu proseslərdə inamla addımlayır. İqtisadi və texnoloji tərəqqinin davamlılığı isə birbaşa təhsilin səviyyəsindən asılıdır. Təhsil yalnız bilik verməklə məhdudlaşmır, həm də elm və innovasiyanın inkişafını təmin edən aparıcı qüvvədir. Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da, gələcəkdə innovativ yanaşmaların daha da güclənəcəyinə və hədəflədiyimiz yüksək nəticələrə nail olacağımıza inamımız tamdır".

Mərkəz rəhbəri qeyd edib ki, ölkəmizin əldə etdiyi bütün bu uğurların təməlində isə milli mənafelərə və dövlətin ali maraqlarına xidmət edən müdrik, uzaqgörən siyasi idarəetmə dayanır:

"Məhz düzgün strateji kurs və sabit siyasi şüur ölkəni dayanıqlı inkişafa çatdırmışdır. Biz öz milli birliyimizi və yüksək vətənpərvərlik hissimizi xüsusilə 44 günlük Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki və sonrakı mərhələlərdə bütün dünyaya aydın şəkildə nümayiş etdirdik. Dövlətə bağlılıq və milli dəyərlərə sədaqət həmin çətin sınaq günlərində daha da poladlaşdı. Fundamental baxımdan biz daha güclü gələcəyə doğru addımlayaraq bu dəyərləri daha da təkmilləşdirdik. Təbii ki, bu gücün ən mühüm sütunlarından biri də rəşadətli ordumuzdur. Güclü müdafiə sistemi dövlətimizin müstəqilliyini və suverenliyini qoruyan ən etibarlı qarantdır.

Digər tərəfdən, Azərbaycanın əlverişli coğrafi mövqeyi — dənizə çıxışı, mühüm beynəlxalq kommunikasiya və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, zəngin yeraltı və yerüstü sərvətləri ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini qlobal miqyasda qat-qat artırır. Bu coğrafiyada urbanizasiya və ekoloji təhlükəsizlik məsələləri də dövlətin diqqət mərkəzindədir. Təmiz ətraf mühit, düzgün şəhər planlaşdırılması və sağlam həyat şəraiti birbaşa insanların yaşam keyfiyyətinə təsir edir".

Ramilç Hüseynovun sözlərinə görə, tarixən neft ölkəsi olan Azərbaycanda, möhtərəm Prezidentin də öz çıxışlarında qeyd etdiyi kimi, hələ 1846–1847-ci illərdə Bakı dünyada sənaye üsulu ilə neft hasil edilən ilk və ən böyük mərkəzlərdən biri olmuşdur. Lakin həmin dövrlərdə ekoloji prioritetlərin formalaşmaması, texnoloji imkanların məhdudluğu səbəbindən neft tullantıları torpağa axıdılmış və təxminən 150-200 il ərzində Abşeronda minlərlə hektar ərazi ciddi çirklənməyə məruz qalmışdı:

"Son 20 ildə isə cənab Prezidentin rəhbərliyi ilə Bakı və Abşeron yarımadasında misilsiz ekoloji layihələr həyata keçirilmişdir. Keçmişdə "Qara Şəhər" kimi tanınan çirklənmiş sənaye zonasının bu gün müasir, işıqlı, yaşıl və planlı bir yaşayış məkanına — "Ağ Şəhər"ə çevrilməsi bunun ən bariz nümunəsidir. Zığ gölü, Bayıl yamacı və digər ərazilərdə aparılan modernləşmə işləri, həmçinin 2011-ci ildə Buzovnada ekoloji təmizləmə infrastrukturunun qurulması şəhərimizin simasını kökündən dəyişmişdir. Bu böyük ekoloji və şəhərsalma transformasiyası Ümumdünya Şəhərsalma Forumu (WUF) kimi mötəbər qlobal platformalarda da yüksək qiymətləndirilir. Bakının keçmişi ilə indiki vəziyyətini müqayisə etdikdə qazanılan uğurların miqyası göz qabağındadır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində də ən uğurlu dövrünü yaşayır. Regionda yaratdığımız yeni reallıqlar və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyimiz xarici tərəfdaşlarımızla əlaqələrimizi daha da dərinləşdirib. Azərbaycan artıq dünyada sözü imzası qədər etibarlı olan bir tərəfdaş kimi qəbul edilir və ölkəmizə olan qlobal maraq getdikcə artır.

Bizə əcdadlarımızdan miras qalan bu müqəddəs dövləti qorumaq, mövcud reallıqları düzgün qiymətləndirmək və gələcək nəsillərə daha qüdrətli bir Azərbaycan qoymaq hər birimizin vətəndaşlıq borcudur. Ölkəmizin bu şəkildə tərəqqisi həm ulu babalarımızın, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu şad edir".

Süleyman
Xəbəri paylaş