
ABŞ dövlət katibi Marko Rubio sabah Ermənistana səfər edəcək.
Parlament seçkilərinə sayılı günlər qaldığı bir vaxtda bu plansız təcili səfərin (belə bir səfərin planlaşdırılması barədə heç bir məlumat yayılmamışdı) arxasında müəyyən plan və maraqların durması istisna deyil.
Sözsüz ki, Rusiyayönümlü qüvvələrin fəallaşması ABŞ-ı narahat edir və yüksək rütbəli şəxsinin bu səfəri Vaşinqtonun anti-rus təsirlərini neytrallaşdırmaq məqsədi də güdə bilər.
Çünki, Nikol Paşinyanın Qərbə inteqrasiya siyasətindən narahat olan Moskva açıq şəkildə seçki prosesinə müdaxilə edir, öz dezinformasiya şəbəkələri və süni intellekt vasitəsilə saxta video-xəbərlər hazırlayaraq Paşinyana qarşı əks-təbliğat aparır, Köçəryana və radikal qüvvələrə siyasi və maliyyə dəstəyi göstərir.
Ona görə də, bu səfər, ilk növbədə Paşinyana dəstək məqsədi daşıyır və 7 iyun seçkisi öncəsi anti-Rusiya layihəsi kimi xarakterizə oluna bilər.
Ağ Ev bu ritorikası ilə açıq şəkildə Nikolun timsalında Ermənistanı öz siyasi nüfuzunda saxlamaq niyyətini nümayiş etdirir.
.
Səfər çərçivəsində mediaya bəyanatlar, eləcə də iki ölkə arasında sənədlərin imzalanması gözlənilir. Bunu xarici işlər naziri Ararat Mirzoyan da etiraf edib və bildirib ki, ABŞ-la bəzi sənədləri imzalayacağıq.
Təbii ki, cənab Rubio erməni xalqına Qərbə inteqrasiya, sərbəst viza rejimi, azad ticarət, iqtisadi layihələr, sosial rifah və s. məsələlərdə ABŞ-ın dəstəyini bəyan edəcək və bu, praktiki və təşviqat baxımdan Paşinaynın elektoratını qorumağa və artırmağa kömək edəcək.
Əlbəttə, ABŞ-Ermənistan münasibətlərinin yaxşılaşması və Paşinyanın partiyasının dəstəkləməsi Azərbaycan üçün də əhəmiyyət daşıyır. Nikolun seçkilərdə qalib gəlməsi iki ölkə arasında birbaşa siyasi dialoqun möhkəmlənməsi, sülh etimadı yolunda atılan addımların başa çatdırılması, Vaşinqton Bəyannaməsinin icrası üçün vacibdir
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































