Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika

ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika


“Donald Trampın Birləşmiş Ştatlar prezidenti seçilməsindən sonra özünün inkişaf mərhələsinə qədəm qoyan Vaşinqton-Bakı münasibətləri hər ötən gün daha da müsbət dinamika ilə diqqət çəkir. Xüsusilə, keçən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə iki ölkə arasında sülh müqaviləsinin paraflanmasından sonra Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, ötən gün Ağ Ev rəhbərinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu təsdiqləməsi bunun əyani sübutudur:

“Bildiyimiz kimi Birləşmiş Ştatlar prezidenti Donald Tramp Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə xatirə hədiyyəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev cənablarına göndərib. Cənab İlham Əliyevin də Ağ Ev rəhbərinə bildirdiyi təşəkkürdə qeyd etdiyi kimi, bu, yüksək qiymətləndirilən diqqətəlayiq jestidir”.

Arzuman Muradlı deyib ki, bu həm də Vaşinqtonun Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığa xüsusi önəm verdiyini göstərir:

“Bakı Enerji Həftəsinə Amerika Prezidenti Donald Tramp tərəfindən ünvanlanan məktubda da bu aydın şəkildə özünü göstərir. Ağ Ev rəhbərinin Bakı Enerji Həftəsinə ünvanladığı məktub Vaşinqtonun həm də Azərbaycanın enerji strategiyasına dəstəyidir. Okeanın o tayında artıq bu reallığı qəbul edirlər ki, Bakının enerji strategiyası, eləcə də nəqliyyat və logostika imkanlarının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr təkcə Azərbaycanın deyil, eyni zamanda qlobal dünyanın maraqlarına xidmət edir. Bu təşəbbüslər ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təminatına xidmət edir. Daha geniş mənada isə qlobal miqyasda enerji mənbələrinin şaxələndirilməsinə, günümüz üçün daha aktual olan alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənir”.

Süleyman
Xəbəri paylaş