
"Qanunun aliliyini təmin etmək əvəzinə, qanunda olmayan şifahi göstərişləri icra etdirmək rəhbərlik deyil, məsuliyyətdən yayınmaqdır. Elm və Təhsil Nazirliyi sektor müdirinə ona görə etimad göstərmir ki, qanundan kənar göstərişlər versin. Etimad ona görə göstərilir ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutsun və müəssisə rəhbərlərindən də qanunvericiliyə uyğun fəaliyyət tələb etsin".
Newscenter.az xəbər verir ki, bunları məktəbəqədər hazırlıq müəssisəsinin müəlliməsi Sevinc Məmmədova Mərkəzi Aran Regional Təhsil İdarəsi və Mingəçevir Təhsil Sektorunun müəllimlərin hüquqlarının pozulması istiqamətində atdığı addımları şərh edərkən deyib. Onun sözlərinə görə, müəssisə rəhbərləri də bilməlidirlər ki, onların borcu hansısa şəxsin şifahi tapşırığını deyil, qanunu icra etməkdir:
"Qanunu kənara qoyub şifahi göstərişlərin arxasında gizlənmək rəhbər üçün nə peşəkarlıqdır, nə də məsuliyyət nümunəsidir.
Ən təəccüblüsü isə odur ki, bəzi müəssisə rəhbərləri qanunu açıb oxumaq əvəzinə, qanunsuz göstərişlərin icraçısına çevrilirlər. Belə rəhbərlik müəssisəni inkişaf etdirmir, əksinə, onu hüquqi məsuliyyət riski ilə üz-üzə qoyur. Müəssisələrdə həllini gözləyən onlarla problem olduğu halda, bütün diqqətin qanun çərçivəsində işləyən müəllimdən nöqsan axtarmağa yönəldilməsi idarəçilik zəifliyinin göstəricisidir. Heç bir vəzifə sahibi qanundan üstün deyil. Heç bir kreslo qanunsuz göstəriş vermək və ya qanunsuz göstərişi icra etdirmək səlahiyyəti vermir".
Sevinc Məmmədova qeyd edib ki, müəllimlərə qarşı qanunda nəzərdə tutulmayan tələblərə son verilməlidir:
"Qanunu bilməyən rəhbər idarə edə bilməz. Qanunu bilib ona əməl etməyən rəhbər isə tutduğu vəzifənin məsuliyyətini dərk etmir".
Süleyman












































