
Məşhur aktyor Ceki Çanın rol aldığı beynəlxalq bədii film olan "Tanrının Zirehi: Ultimatum"un Qazaxıstanın Almatı şəhərində rəsmi təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş nazirin müavini - Mədəniyyət və İnformasiya naziri Aida Balayeva Ceki Çanın Qazaxıstan və Çin arasında mədəni və humanitar əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
"Qazaxıstan mədəniyyətinin dünya səhnəsində tanıdılmasına və iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə verdiyiniz töhfəyə görə sizə təşəkkür etmək istəyirəm. Qarşıdakı çəkilişlərdə sizə uğurlar arzulayıram", - deyə Balayeva bildirib.
Görüş zamanı Ceki Çan Almatının istedadlı gənc rəssamları və Temirbek Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının məzunları - gənc rejissorlarla söhbət edib. O, gənclərə yaradıcılıq yollarında uğurlar arzulayıb, davamlı axtarışın və işlərinə sevginin vacibliyini vurğulayıb. Görüşün sonunda uşaqlar məşhur aktyora öz portretlərini hədiyyə ediblər. Tədbirin sonunda iştirakçılar ənənəvi çəkiliş lövhəsi ilə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, layihə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Çin dövlət film şirkəti China Film Group Corporation-ın dəstəyi ilə həyata keçirilir. Film Qazaxıstanın Salem Entertainment şirkəti və Honkonqun Billion Target şirkəti tərəfindən istehsal olunur.
Çəkilişlər 2026-cı ilin iyul-oktyabr aylarında Qazaxıstanda aparılacaq. Filmin rejissoru qazaxıstanlı Robert Kundur. Məhsul geniş beynəlxalq yayım üçün nəzərdə tutulub. Əsas çəkiliş məkanları Almatı, Almatı və Manqistau bölgələrində yerləşəcək.
Arzu












































