
Müasir texnologiyanın sürətlə inkişafı həyatımızı xeyli dərəcədə asanlaşdırıb. Amma onun üstünlükləri ilə yanaşı, çatışmazlıqları da vardır. Məhz rəqəmsal dünyada uğur qazanmaq üçün texnologiyadan düzgün istifadə etməliyik, yəni texnoloji savadlılığımız kifayət qədər yüksək olmalıdır. Bunun üçün ümumtəhsil müəssisələrində təhsilverənlərin texnoloji savadlılığı yüksək olmalıdır ki, təhsilalanlara bu istiqamətdə töhfələrini verə bilsinlər.
Rəqəmsal dünyanın üstünlükləri dedikdə bunları qeyd edə bilərik:
-Dünyanın istənilən nöqtəsindən istənilən resurslara, didaktik materiallara əlçatanlığı təmin edir.
-Distant təhsil, yəni dünyanın istənilən yerində məkanı tərk etmədən təhsilalma, eyni zamanda uzaqdan işləmək imkanı yaradır.
-Məsafədən asılı olmadan insanlar arasında saniyələr ərzində operativ kommunikasiyanı təmin edir.
-Mütəxəssislər, gənclər, eləcə də bacarıqlı şəxslər üçün yeni iqtisadi imkanlar yaradır ki, bu da onların maddi rifahını və inkişafını təmin edir.
-Proseslərin avtomatlaşdırılması vaxta qənaət etməklə yüksək məhsuldarlığı təmin edir.
Rəqəmsal dünyanın insanlara verdiyi avantajlar ilə bərabər çatışmazlıqları da vardır:
-Məlumatların ələ keçirilərək kiberhücumlara məruz qalma riski;
-Psixoloji asılılıq probleminə səbəb olma ehtimalı;
-Texnologiyadan həddindən artıq istifadə insanların təcrid olunmasına səbəb olma ehtimalını artırır, eləcə də fiziki sağlamlığa mənfi təsir göstərir;
-Yalan məlumatların sürətlə yayılması kritik təfəkkürə sahib insanları da müəyyən mənada yanılda bilir.
Təbii ki, müasir dövrdə texnologiyadan imtina etmək mümkün deyil, amma çalışmalıyıq ki, ondan şüurlu və səmərəli şəkildə istifadə edək. Yəni texnologiya bizi deyil, biz texnologiyanı savadlı və şüurlu şəkildə idarə edək.
Ruhiyyə Mehdiyeva, fəlsəfə doktoru












































