
Sentyabrın 24-də Milli Məclisin bir neçə komitə sədri ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə ilk olaraq Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bu gün dövlət başçıları, eləcə də parlamentlər arasında əlaqələrdə də öz əksini tapdığını bildirib. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan bir-birini beynəlxalq və regional müstəvidə hər zaman dəstəkləyir, qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətləri ardıcıl şəkildə inkişaf etdirirlər.
Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək parlamentlərimiz arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Bildirilib ki, strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və energetika sahələrində yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur.
Daha sonra Milli Məclisin komitə sədri, Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, parlamentin komitə sədrləri Hicran Hüseynova, Azər Əmiraslanov, Gürcüstan Parlamentinin komitə sədrləri Məryəm Laşxi, Şota Berekaşvili çıxış ediblər.
Çıxışlarda Azərbaycan və Gürcüstan arasında təhsil, investisiya, energetika və turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. İki ölkənin regional və beynəlxalq əhəmiyyət daşıyan birgə layihələrinin, o cümlədən Orta Dəhliz, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələrinin iqtisadi və strateji əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı dövlət başçıları, parlament sədrləri və hökumət nümayəndələri arasında mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin komitə sədri Şahin İsmayılov və Gürcüstan Parlamentinin üzvləri də iştirak ediblər.
Süleyman












































