Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər həqiqəti inkar edə bilməzlər

Ermənilər həqiqəti inkar edə bilməzlər


Sosial şəbəkədə canlı yayım zamanı Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından sonra iki ölkə arasında münasibətlərin necə qurulmalı olduğuna dair baxışını təqdim edən Ermənistanın Baş naziri Nikol Paşinyan, həmçinin, Ermənistan və Azərbaycan arasında anklav və eksklavların olmamasını, bu məsələnin bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsi yolu ilə həll edilməsini təklif edib. Baş nazirin sözlərinə görə, Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr təşkil etməli, Azərbaycanla sərhədlərin delimitasiyası isə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır.

Qeyd edək ki, Nikol Paşinyan əvvəllər də anklav və esklavlar məsələsini bir neçə dəfə gündəmə gətirib. Ancaq budəfəki çıxışında isə o, daha konkret mövqe sərgiləməyə çalışaraq deyib ki, "sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır, Ermənistan və Azərbaycan dəqiq ölçüləri müəyyənləşdirilmiş əraziləri bir-biri ilə dəyişməlidir". Nikol Paşinyanın bu mövzunu gündəmə daşıması ilk baxışdan normal haldır. Çünki iki ölkə arasında sülh prosesinin uğurla yekunlaşması üçün anklavlar məsələsi də mütləq öz həllini tapmalıdır. Ancaq Paşinyanın burada arxa məqsədi də var. O, bu məsələni tez-tez qabartmaqla həm də Azərbaycanın Gədəbəy rayonunun Başkənd yaşayış məntəqəsinə iddiasını yenidən önə çıxarır. Məsələ burasındadır ki, İrəvan həmin yaşayış məntəqəsini "Artsvaşen" adlandırır və onu Ermənistan ərazisi hesab edir.

Ancaq erməniləır həmişə olduğu kimi bu məsələdə də çox ciddi şəkildə yanılırlar. Çünki tarixi Azərbaycan torpağı olan Başkənd məhz sovetlər dönəmində (konkret olaraq 1920-ci ildə) Ermənistana verilib, onun xəritəsinə daxil edilib. Ərazisi 40 kv.km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni esklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə "Artsvaşen" olaraq dəyişdirmişdi. Lakin Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib. Ermənilər bu faktları və həqiqətləri inkar edə bilməzlər.

Bu baxımdan Paşinyanın Başkəndə iddia etməsi absurddur. Onun çıxışı sadəcə “sülh gündəmi”nin tərkib hissəsi kimi görünmür. Paşinyan anklav və eksklav məsələsini qabartmaqla həm daxili auditoriyaya mesaj verir, həm də danışıqlar prosesində yeni təzyiq aləti formalaşdırmağa çalışır. Halbuki sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı ərazi iddialarının gündəmə gətirilməsi yalnız tarixi fakta deyil, həm də beynəlxalq hüquqa söykənməlidir. Bu isə o deməkdir ki, hər bir iddia sənədlərlə, xəritələrlə və hüquqi əsaslarla təsdiqlənməlidir.

Azərbaycan tərəfinin mövqeyi isə bu məsələdə kifayət qədər aydındır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, dövlətlərarası münasibətlər qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması əsasında qurulmalıdır. Ona görə də Ermənistanın illərdir müxtəlif formalarda gündəmə gətirdiyi ərazi mübahisələri sülh prosesinə xidmət etmir, əksinə, onu ləngidən və mürəkkəbləşdirən amilə çevrilir. Xüsusilə də Başkənd məsələsinin yenidən qabardılması həmin planın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Bununla belə, sülh sazişinin imzalanması region üçün yeni reallıq yaradacaqsa, tərəflər emosional bəyanatları deyil, konkret hüquqi mexanizmləri önə çıxarmalıdırlar. Hazırkı Ermənistan hakimiyyəti real sülh istəyirsə, keçmişin revanşist yanaşmalarından tamamilə uzaq durmalıdır. Əks halda, sülh adı ilə səsləndirilən hər bir fikir yalnız ictimai rəyi yönləndirməyə hesablanmış siyasi manevr olaraq qalacaq. Reallıq isə odur ki, bölgədə davamlı sabitlik yalnız ədalətli və qarşılıqlı tanınmaya əsaslanan razılaşmalarla mümkündür.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş