
"Tarix yalnız təqvim vərəqlərindən ibarət deyil; elə tarixlər var ki, bir xalqın taleyini, milli mənliyini və dövlətçilik qüdrətini özündə təcəssüm etdirir. Füzuli rayonunun keçdiyi yol – 1993-cü ilin ağır işğal faciəsindən 2020-ci ilin Böyük Zəfərinə və bu gün yenidən dirçələn müasir həyata qədər olan məsafə – Azərbaycan xalqının əyilməz iradəsinin və dövlətimizin sarsılmaz gücünün canlı salnaməsidir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, 1993-cü il avqustun 23-ü Füzuli üçün sadəcə bir təqvim günü deyil, bir bölgənin yerlə-yeksan edildiyi, on minlərlə insanın doğma ocağından perik düşdüyü qanlı tarixdir:
"Ermənistanın təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun böyük bir hissəsi zəbt edildi. Şəhərlər, kəndlər, tarixi-dini abidələr, məzarlıqlar – hər şey vandalcasına dağıdıldı, qarət olundu və xarabalığa çevrildi. Füzulililər illərlə məcburi köçkünlük acısını yaşasalar da, bir gün doğma torpaqlara qayıdacaqlarına olan inamlarını bir an belə itirmədilər. O inam ki, illər sonra Müzəffər Ordumuzun və Ali Baş Komandanın qətiyyəti ilə gerçəyə çevriləcəkdi.
2020-ci ilin Vətən Müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Füzuli əməliyyatı isə müharibənin taleyini həll edən, düşmənin illərlə qurduğu mühəndis-istehkam xətlərini yararaq cəbhədə strateji üstünlüyü tamamilə Azərbaycan Ordusunun tərəfinə keçirən ən mürəkkəb və qəhrəmanlıq dolu döyüşlərdən biri oldu. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri və ətraf kəndləri işğaldan azad edildi. Bu tarixi Zəfəri əbədiləşdirmək üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. Bu medal sadəcə bir hərbi təltif deyil; o, Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət, yaralanan qazilərimizin rəşadətinə ehtiram və Azərbaycan əsgərinin polad iradəsinin rəmzidir.
Füzulinin azad olunması ilə bölgədə tamamilə yeni bir erasının – bərpa və quruculuq mərhələsinin əsası qoyuldu. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli bu gün sözün həqiqi mənasında sıfırdan, amma daha əzəmətli şəkildə yenidən tikilir. Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi, müasir mənzil komplekslərinin salınması, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtması göstərir ki, Azərbaycan dövləti nəinki torpaqlarını azad etməyə, həm də həmin torpaqlara dərhal həyat qaytarmağa qadirdir".
Hakim partiya təmsilçisi qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad edilmiş Füzuliyə hər bir səfəri bölgənin dirçəlişinə yeni təkan verir, görülən işlərə şəxsi nəzarətin və dövlət qayğısının bariz göstericisinə çevrilir:
"Bu səfərlər sırasından 11 may 2024-cü il tarixi Füzulinin su təhlükəsizliyi və kənd təsərrüfatının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin gün dövlət başçısının iştirakı ilə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi baş tutdu.
İşğal dövründə erməni ekosidinə məruz qalmış, baxımsız saxlanılmış və sıradan çıxarılmış Köndələnçay su anbarlarının bərpası yalnız texniki və ya təsərrüfat hadisəsi deyil. Bu, bölgənin təbii su resurslarının yenidən Azərbaycan xalqının xidmətinə verilməsi, minlərlə hektar torpaq sahəsinin suvarılması və fermerlərin məşğulluğuna birbaşa dəstəkdir. Su həyat deməkdir və Köndələnçayın yenidən axması Füzuliyə həyatın tam gücü ilə qayıtdığının əyani sübutudur.
Füzuli dünən işğalın və dağıntının rəmzi idisə, bu gün Zəfərin, quruculuğun və Böyük Qayıdışın parlaq simvoludur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən layihələr göstərir ki, bu torpaqların əsl sahibi geri dönüb və Füzuli addım-addım cənub bölgəsinin modern və çiçəklənən mərkəzinə çevrilir".
Anar










































