Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlıq qarşılıqlı sayğıdan başlayır

Qardaşlıq qarşılıqlı sayğıdan başlayır


Azərbaycan Türkiyə münasibətlərində son günlər baş örtüsü və digər məsələlərlə bağlı müzakirələrin getdikcə sərtləşməsi, bəlkə də, iki ölkə arasındakı strateji münasibətlərə ciddi təsir göstərməz. Lakin belə yanaşmalar iki qardaş xalq arasında könül qırıqlığına və qarşılıqlı narazılığa səbəb ola bilər.

Türkiyənin Azərbaycanı İsrail münasibətləri və ya baş örtüsü kimi məsələlər üzərindən müzakirə etməsi və bu mövzuları Azərbaycana qarşı siyasi təzyiq predmetinə çevirməsi qəbuledilməzdir. Azərbaycan müstəqil və suveren dövlətdir. Onun daxili məsələləri ilə bağlı qərarları Azərbaycan cəmiyyəti və Azərbaycan dövləti verir.

Eyni zamanda, təəssüf doğuran başqa bir məqam da budur ki, Azərbaycan Türkiyə münasibətlərinin zədələnməsində maraqlı olan çevrələr belə məsələləri fürsətə çevirməyə çalışırlar. Daha narahatedici olan isə bu proseslərdə Türkiyədə hakim AK Partiyaya yaxınlığı ilə tanınan bəzi şəxslərin və qrupların iştirakının müşahidə edilməsidir.

Çünki tarix göstərir ki, dinin siyasi alətə çevrildiyi Yaxın Şərq siyasətinin nəticələri heç də həmişə türk dünyasının və bölgədə yaşayan türklərin mənafeyinə xidmət etməyib. İraq və Suriya bunun acı nümunələridir.

Lakin burada mühüm bir həqiqəti də xüsusi qeyd etmək lazımdır: Türkiyənin düşüncə və fikir adamlarının böyük əksəriyyəti, milli duruşu ilə seçilən ziyalılar, ictimai-siyasi təşkilatlar və Azərbaycan Türkiyə qardaşlığının mahiyyətini anlayan geniş çevrələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu, bizim üçün həm əhəmiyyətli, həm də ümidverici məqamdır. Deməli, məsələ Türkiyə xalqı ilə Azərbaycan arasında deyil; məsələ ayrı-ayrı siyasi və ideoloji yanaşmaların iki qardaş ölkənin münasibətlərinə necə təsir göstərməsindədir. Azərbaycan və Türkiyə sadəcə iki dövlət deyil. Biz bir millət, iki eyni qanı daşıyan qardaş dövlətik. Bu münasibətlər siyasi konyunkturadan, ayrı-ayrı şəxslərin emosional çıxışlarından və gündəlik mübahisələrdən daha böyükdür.
Azərbaycanda da bu məsələləri Türkiyəyə qarşı çevirməyə, iki qardaş xalq arasında narazılıq yaratmağa və qardaşlıq münasibətlərinə xələl gətirməyə çalışan yanaşmaları doğru hesab etmirik. Belə cəhdlər kimliyindən asılı olmayaraq, qınanmalıdır.

Bu həssas mərhələdə isə xüsusilə diqqətli olmalıyıq. Dezinformasiya, manipulyativ məlumatlar və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş iddialar üzərindən deyil, iki ölkənin səlahiyyətli qurumları arasında sağlam və birbaşa dialoqun nəticəsi olan etibarlı məlumatlara əsaslanaraq hərəkət etməliyik. Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi sosial şəbəkələrdəki emosional müzakirələrin deyil, dövlətlərarası sağlam dialoqun və qarşılıqlı etimadın üzərində qurulmalıdır.

Qardaşlıq qarşılıqlı hörmətdən başlayır. Qarşılıqlı hörmət isə ilk növbədə bir-birinin suverenliyinə, dövlətçiliyinə və daxili işlərinə qarışmamaq prinsipinə sadiqlik tələb edir.
İllərdir bu birliyi zəiflətmək istəyən qüvvələrə fürsət vermək olmaz. Azərbaycan Türkiyə qardaşlığının zədələnməsində rolu olan hər kəs isə gec-tez bunun siyasi və mənəvi məsuliyyətini daşıyacaq.

Bu birlik iki dövlətin deyil, bütöv Türk dünyasının strateji sərvətidir. Onu qorumaq hamımızın məsuliyyətidir.

Səftər Rəhimli, hüquq elmləri doktoru
Xəbəri paylaş