
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ikiillik sədrliyi ölkəmizin beynəlxalq nüfuzunun və fəal xarici siyasətinin mühüm göstəricilərindən biri olmuşdur. Bu müddətdə Azərbaycan təşkilatın güclənməsinə, üzv dövlətlər arasında münasibətlərin inkişafına və Asiyada sülhün, etimadın və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirmişdir. Ölkəmiz sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil və elm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini əsas istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir.
Müasir dövrdə dünyada baş verən dəyişikliklər dövlətlər arasında qarşılıqlı anlaşmanın və etimadın nə qədər vacib olduğunu bir daha göstərir. Müxtəlif xalqları, mədəniyyətləri və iqtisadi imkanları birləşdirən Asiya qitəsində əməkdaşlığın inkişafı ümumi tərəqqi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan AQEM-ə sədrliyi müddətində üzv ölkələr arasında dialoqun gücləndirilməsinə, ortaq maraqların qorunmasına və qarşılıqlı faydalı münasibətlərin qurulmasına çalışmışdır. Ölkəmizin yanaşmasının əsasını dövlətlərin suverenliyinə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və problemlərin dialoq yolu ilə həlli təşkil etmişdir.
Sədrliyimiz dövründə AQEM-in fəaliyyətinin gücləndirilməsi və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Təşkilatın daha səmərəli fəaliyyət göstərməsi, üzv dövlətlər arasında əlaqələrin genişlənməsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün imkanlar yaradılmışdır. Azərbaycanın səyləri AQEM-in yalnız fikir mübadiləsi aparılan platforma deyil, həm də praktiki əməkdaşlığa şərait yaradan beynəlxalq təşkilat kimi inkişafına xidmət etmişdir.
Nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın sədrliyində diqqət mərkəzində olmuşdur. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq əlaqələrin qurulmasında mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi və logistika imkanlarının artırılması dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, xalqların yaxınlaşmasına da şərait yaradır.
Rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil və elm sahələrində əməkdaşlıq da ümumi inkişaf üçün vacibdir. Müasir texnologiyaların tətbiqi ölkələrin iqtisadi və sosial imkanlarını genişləndirir, təcrübə mübadiləsi isə yeni nailiyyətlərə yol açır. Ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə bütün dövlətlərin birgə səylərini tələb edir. Turizm, təhsil və elmi əlaqələr isə xalqların bir-birini daha yaxından tanımasına, mədəni münasibətlərin inkişafına və gələcək nəsillər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir. Azərbaycanın bu istiqamətlərə diqqət yetirməsi AQEM çərçivəsində əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan vermişdir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































