Azərbaycanın xalq şairi, mərhum Zəlimxanın Yaqubun anadan olduğu gündür.
Newscenter.az xəbər verir ki, şair yaşasaydı bu gün 75 illiyini qeyd edəcəkdi. Zəlimxan Yaqub 21 yanvar, 1950-ci ildə Gürcüstanın Borçalı mahalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
O, Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
Zəlimxan Yaqub, 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. O, 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.
Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da vəfat edib.
Anar Əliyev