ABŞ - də 20 yanvar tarixində and içərək səlahiyyətinin icrasına baslamış Donald Trampın dövründə dünyanı nələrin gözlədiyi hazırda ən geniş müzakirə edilən mövzudur. 47-ci prezident kimi Ağ Evdə ikinci dövrünü yaşayacaq Trampın mənsub olduğu Respublikaçılar Partiyası Senat və Nümayəndələr Palatasında çoxluğa sahib olmağı bacarıb. Bu ona bir çox məsələni rahat formada həll etməyə kömək edəcək. Çünki Konqresin müxalifətin əlinə keçməsi yeni prezident üçün ciddi çətinliklərin yaranmasına səbəb ola bilərdi. Daxili siyasətdə hakim Respublikaçılar Partiyasının nüfuzu güclü olduğu üçün əsas çətinlik məhz xarici siyasətdə yaşanacaq. Tramp ən çox məşğul edən məsələlər isə şübhəsiz ki, Ukraynada davam edən müharibə, İran - İsrail gərginliyi və Çinlə iqdisadi müharibə xüsusi əhəmiyyət kəsb edəcək. Donald Tramp artıq Ukrayna barəsində razılığa gəlmək üçün Vladimir Putinlə danışıqlara başlayacağını bildirib. Hələ inaqurasiya mərasimindən qabaq Putin və Tramp komandası arasında müzakirələrin aparıldığı barədə məlumatlar var idi. Rusiya razılıq əldə edilənə qədər Ukraynada daha çox uğura imza atmaq üçün hücumları genişləndirəcək. Eyni zamanda Zelinski admistirasiyası da Qərbin verdiyi silahlardan istifadə edərək həm Kursk, həm də Ukraynanın öz ərazisində əks - hücum əməliyyatlarını genişlədirəcəyi gözləniləndir. Trampın əsas istədiyi məhz Çinə qarşı olan koalisiyaya Rusiyanı cəlb etməkdir. Ancaq razılıq əldə edilənə qədər ABŞ həm özü Ukraynaya yardım edəcək, həm də Avropadakı müttəfiqlərini buna məcbur edəcək. İran - İsrail gərginliyi ilə bağlı da Tramp komandasının siyasəti aşikardır. Səlahiyyətinin icrasına başlamamış Yaxın Şərqdə İsrail və Həmas arasında sülhə nail olan ABŞ - nin əsas diqqəti İranın nüvə proqramına yönələcəyi istisna deyil. İsraildəki mövcud Netenyahu hökumətinin istədiyi İrana qarşı əhatəli əməliyyatın həyata keçirilməsi və mövcud rejimin yıxılmasıdır. Rəsmi Tehran bunu bildiyi üçün əvvəlcədən hərəkətə keçib. İranın yeni hökuməti ABŞ ilə mümkün münaqişədən qaçmaq üçün hər şeyi edir. Vitse - prezident Məhəmməd Cavad Zərif bir müddətdir ki, həm Bayden, həm Tramp komandası ilə qeyri - rəsmi əlaqədədir. Lakin yeni admistirasiyada İsrailə xüsusi yaxınlığı olan və İrana düşmən münasibət bəsləyən şəxslərin çoxluğunu əsas tutaraq deyə bilərik ki, ABŞ Tramp dövründə İrana zərbə endirə bilər. Əgər nüvə məsələsində razılıq əldə edilməsə və İsraillə münasibətlərdə yeni gərginlik yaşanarsa ehtimal ki, rəsmi Vaşinqton Körfəzdəki hərbi bazaları vasitəsi ilə İrana zərbələr endirəcək. Yeni hakimiyyətin dövründə ən mühüm əhəmiyyət kəsb edən məsələ isə şübhəsiz ki, Çinlə münasibətlər olacaq. Son zamanlar rəsmi Pekinin ABŞ - ni iqtisadi cəhətdən sıxışdırması və Tayvana hücumla bağlı verdiyi bəyanatlar Trampı sərt addımlar atmağa məcbur edə bilər. Çinə qarşı iqdisadi sanksiyaların genişlənəcəyi, eyni zamanda hərbi cəhətdən də Pekinə təzyiqlərin davam edəcəyi gözləniləndir. Tramp dövründə NATO - nun Sakit okeanda geniş həcmli hərbi təlimlərə start verəcəyibdə gözlənilir. Eyni zamanda, Tramp komandası son zamanlar Çinlə iqdisadi əlaqələri genişləndirən Avropa ölkələrinə də təzyiq siyasətini artıracaq. Bu məsələ fevralda keçiriləcək seçkilərdən sonra Almaniyada hakimiyyətə gələcək yeni hökumət üçün çətin sınaq olacaq. Çünki son zamanlar rəsmi Berlinin Pekinlə münasibətlərində xüsusi yaxınlıq hiss olunur. Yeni admistirasiyanın dövründə ən çox zərər görən ölkələrin elə ABŞ - nin öz qonşuları, Meksika və Merkezi Amerika ölkələri olacağı şübhəsizdir. Trampın həyata keçiriləcəyi anti - miqrant siyasəti ən çox bu ölkələrə təsir göstərəcək. ABŞ ilə yeni əlaqələr fonunda Meksikanın iqtisadi vəziyyətində çöküş müşahidə edilə bilər. Donald Trampın Cənubi Qafqaz siyasətində ən çox zərər görəcək ölkənin Ermənistan olacağı şübhəsizdir. Bayden admistirasiyasının tələsik " strateji əməkdaşlıq " haqqında saziş bağlıdığı Ermənistana Tramp dövründə əvvəlki dəstəyin verilməyəcəyi aşikardır. Donald Trampın xarici siyasətində enerji amilinin əsas olduğunu nəzərə alsaq Azərbaycanla münasibətlərdə mühüm irəliləyişlərin əldə ediləcəyi şübhəsizdir. Böyük ehtimal ki, Tramp ölkəmizlə birinci prezidentliyi dövründə mövcud olmuş müsbət əlaqələrin yeni dövrdə də davam edəcəyi gözləniləndir.
Zeynal Əmrəliyev