Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il



Newscenter.az.13.07.2019. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi

Faktlar və reallıqlar təkzibolunmazdır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il xalqımızın tarixi taleyində misilsiz rola malikdir. Bu tarixi gün həmişə xatırlanır və heç vaxt da unudulmayacaq. Tarixçilər, tədqiqatçılar və siyasətçilər də təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

1969-cu ildə Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində, qazandığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi və milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Faktlara istinadən demək olar ki, 50 il bundan əvvəl - 1969-cu ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə, Azərbaycan SSRİ-nin müttəfiq bir respublikası kimi, iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qalırdı. Xüsusi ilə də, Azərbaycan iqtisadiyyatının ənənəvi sahəsi olan kənd təsərrüfatı böhran vəziyyətində olmaqla, ölkəmiz əsas göstəricilər üzrə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Belə ki, kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı idi, aqrar məsələlərin həllində elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi, bu sahədə demək olar ki, yüksək ixtisaslı kadrlar hazırlanmırdı. Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində, Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən, pambıqçılıq və üzümçülük respublikasına çevrilmişdi. Respublikamızın hər yerində quruculuq, abadlıq işləri həyata keçirildi, rayonlarımıza gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları salınaraq, istifadəyə verildi. Bütün bu uğurlu islahatlar Dahi Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Ümummilli Liderimiz Heydər Əliyev sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən, məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən, mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Azərbaycan aqrar ölkədən inkişaf edən sənaye ölkəsinə çevrildi

O zaman Dahi Öndərimiz Heydər Əliyevin həyata geçirdiyi məqsədyönlü tədbirlər nəticəsində, qısa zaman kəsiyində, Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi, müvafiq olaraq, 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.

Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də, heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı. Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq, cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. Çox təəssüflər olsun ki, Dahi Öndərimiz Heydər Əliyevin böyük zəhməti hesabına qurub-yaratdıqlarını, Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn AXC-Müsavat çütlüyü tamamilə dağıtdı. Bu baxımdan, demək olar ki, 1992-1993-cü illər Azərbaycan tarixinin ən ağır və geşməkeşli illəri olub. Amma yenə də, bu ağır günlərdə Dahi Öndər Heydər Əliyev xalqın yanında oldu, respublikamızı düşdüyü çətin vəziyyətdən çıxarmağa müvəffəq oldu. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Dahi Öndər Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu Öndərin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ulu Öndərin əsasını qoyduğu siyasət uğurla davam etdirilir

Tam qətiyyətlə və əminliklə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin fundamental prinsipini yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, Onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Azərbaycan dövlətinin söykəndiyi varislik prinsipi dövlət idarə modeli və iqtisadi modeldir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli siyasəti ilə bu modellər uğurla davam etdirilir. Ümummilli Liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı üçün çox ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın iqtisadi inkişaf modelini daha yüksək səviyyəyə qaldırmışdır. Bu gün dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın əldə etdiyi uğur və inkişaf göz önündədir. Bu uğurlar isə davam etdiriləcək. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin prinsipi və önəmi bundan ibarətdir.

Fərrux Haqverdiyev,
Yeni Azərbaycan Pariyası Xızı rayon təşkilatının sədri

Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il
Xəbəri paylaş