Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: "Qisasımızı almışıq, alacağıq"



Newscenter.az.25.02.2021. Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Faciəyə hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü ildə keçirilən iclasının qərarı ilə verilmişdir. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd olunur.

Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir.
Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərir. Fond neçə ildir ki, dünyanın 70-dən çox ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, filmlər çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri və Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair hazırlanmış materiallar, bukletlər, fotoalbomlar və kitablar, ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub. Canlı şahidlərə malik və qətliam görüntülərini özündə əks etdirən Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıtdırılması və “Xocalıya ədalət” aksiyalarının keçirilməsi erməni lobbisinin fəaliyyətinə ciddi zərbədir və dünya görür ki, özünü “məzlum millət” kimi göstərmək istəyənlər Azərbaycanda əsl soyqırımı törədiblər.

“Xocalıya ədalət” kampaniyasına indiyədək 200 mindən çox insan və 115 təşkilat qoşulmuşdur. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, son illərdə ondan artıq ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmişdir. Ötən dövr ərzində 13-dən çox ölkənin parlamentində Xocalı soyqırımı rəsmi olaraq tanınıb. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2015-ci ildə Qvatemala, 2017-ci ildə Cibuti və Paraqvay Parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Bundan başqa, ABŞ-ın 20-dən çox ştatında və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul olunubdur.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”.

Ulu Öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. Şanlı Ordumuz Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi. Əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edildi. Onların sırasında yüksək rütbəli zabitlər, Ermənistan parlamentinin sabiq deputatı Rüstəm Qasparyan və oğlu cəhənnəmə vasil oldular.

Zamanında Xocalıda qətliamlar törədən, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinə yüksələn Serj Ohanyanın müharibənin gedişinə hər hansı bir təsir göstərmək istəyi baş tutmadı və o, canını qurtarmaq üçün Dağlıq Qarabağdan suyu süzülə-süzülə Ermənistana qayıtmaq məcburiyyətində qaldı.

Yenilməz Ali Baş Komandan yanvarın 14-də Şuşaya səfər zamanı Xocalıdan keçdi və bu ərazilərimizi xarabazara çevirmiş və əli Xocalının qanına batmış Sarkisyan-Köçaryan cinayətkar qruplarına bu əməllərinə görə, layiqli cəzalarına alacağını xəbərdar etdi. Xocalı cinayətində əli olan hər kəs öz cəzasını alacaqdır.

Xocalının bir neçə kəndi igid ordumuz tərəfindən ermənilərdən azad edilib. Xocalıların öz yurdlarına geri dönəcəkləri günə çox az qalıb. Burada bütün yurd yerlərimiz yenidən öz əvvəlki həyatına qayıdacaq. Xocalıda dünyanın ən zəngin tarix və mədəniyyət abidələri yerləşir. Erməni vandallarının dağıtdığı bu abidələrimiz də bərpa olunacaq.

Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş