Newscenter.az.11.03.2019. Azərbaycan Silahlı Qüvvələri növbəti hərbi təlimlərə start verib. Uzun müddətdən bəri ordumuzun belə bir geniş tərkibdə hərbi təlimlərə başlaması işğalçı Ermənistanda ciddi təşviş yaradıb. Ermənistan hakimiyyəti hər nə qədər sadə ermənilər arasında yaranan təşvişi önləməyə çalışsa da, lakin Paşinyan hakimiyyətinin də ordumuzun hərbi təlimlərindən ehtiyatlandığı sirr deyil. Azərbaycan Ordusunun hərbi təlimlər keçirməsi və bundan sonra gözlənilən mümkün proseslər barədə danışan Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hazırda regionda cərəyan edən hadisələrə də aydınlıq gətirib.
-Məhəmməd bəy, Azərbaycan Ordusunun başladığı növbəti hərbi təlimləri necə xarakterizə edirsiniz? Bu düşmənə bir mesaj sayıla bilərmi?
-Ordumuzun cəbhə xəttinə yaxın ərazidə martın 11-dən 15- nə kimi davam edəcək, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika və aviasiya cəlb olunacaq. Qeyd edim ki, hərbi təlimlər müdafiə deyil, düşmənə hücum şərti adı altında keçiriləcək. Bu geniş miqyaslı hərbi təlimlər Ermənistan rəhbərliyinin son günlər Qarabağ danışıqlarından yayınmaq və provokativ bəyanatlarına mesajdır. Artıq, Yerevanın danışıqlarda deustruktiv siyasəti Azərbaycanın hərbi müstəvidə fəallaşmasına gətirir, bu da cəbhədə Ermənistan orudusuna lokal zərbələrlə müşayət oluna bilər. Bu da bir neçə ay davam edən cəbhədə nisbi sakitliyə səbəb olan Düşənbə razılaşmasının sona çatması deməkdir. Göründüyü kimi, danışıqlar prosesində irəlləyiş üçün Paşinyan siyasi iradə göstərə bilmir.
-Demək istəyirsiniz ki, İrəvan bu təlimlərdən nəticə çıxarmalıdır?
-Ermənistan daxilindəki siyasi və ictimai dairələrdə bu təlimlərdən nəticə çıxarmalıdır. Çünki, daxili qüvvələr hakimiyyətin ötən ilin sonlarında Azərbaycanla konstruktiv danışıqlarına ciddi təzyiq etdilər. Proseslər dalana dirəndi. Paşinyanın inqilabdan sonra inkişaf gözləntiləri Qarabağ münaqişəsini həll etmədən mümkün olmayacaq. Bunu da özü yaxşı bilir.
-Bəs bundan sonra hansı addımlar atılmalıdır?
-Ordumuzun bundan sonrakı fəaliyyəti ilə kordinasiyalı şəkildə diplomatiyamız da fəal olmalıdır. Artıq, Ermənistan rəhbərliyi ilə danışıqlar təzyiq altında keçirilməlidir. Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun birləşmənin təlimləri də analoji prosesin tərkib hissəsidir. Qeyd edim ki, Ermənistan baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin görüşü gözlənilir. Görüş öncəsi, ordumuzun təlimləri masada güc və diplomatiyanın bir yerdə olduğunu artıq Paşinyana göstərməkdədir. Yerevandan verilən açıqlamalardan görünür ki, Azərbaycanın son variantı yalnız, hərbi təzyiq ssenarisini işə salmaqdır.
Çox maraqlı fakt ondan ibarətdir ki, son 5 il ərzində Ermənistan rəhbərliyi Qarabağda tikinti işlərini genişləndirib. Əvvəlki illərdə Ermənistan rəhbərliyi buna getməyə cürət etmirdi. Görünür, Ermənistan rəbərliyi o qədər arxyın olub ki, Qarabağda məskunlaşma siyasəti və infrasturuktur qurur. Hesab edirəm ki, bunun qarşısı mümkün vasitələrlə alınmalıdır.
-Ümumiyyətlə, hazırda regiondakı vəziyyəti necə xarakterizə edərdiniz?
-Cənubi Qafqazda yaranan geosiyasi şərtlər burada konfliktlərin həllini labüd edir. Avropa və ABŞ bu istiqamətdə Rusiya ilə rəqabət aparır. Burada əsas münaqişə məhz Ermənistanın Azərbaycana işğal faktorudur. Qeyd edim ki, Qarabağ konfliktinin həlli istiqamətində hazırkı Minsk formatı status-kvonun qorunub saxlanmasına xidmət edir. Minsk qrupu çərçivəsində aparılan danışıqlar bu illər ərzində nəticə vermədiyinə görə, həmçinin geosiyasi şərtlər dəyişildiyindən yeni formatın yaranmasına ehtiyac var. Minsk qrupu 25 ildə özünü doğrultmayıb. Ona görə də belə bir format çərçivəsində danışıqlar imitasiya xarakteridir. Regiona ATƏT -in fəaliyyətdə olan sədri Layçakın səfəri də prinsip etibarı ilə konfliktin həlli baxımından heç bir müsbət vəd etmir. Ermənistanın mövqeyinə gəldikdə isə, baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarında formatda dəyişikliklər edib, separatçıları da danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Paşinyanın bu təklifinə qarşı prezident İlham Əliyev ATƏT sədri Layçakla görüşündə bu təklifə ciddi narazılığını bildirdi. Bu, prezidentin rəsmi Yerevana mesajdır ki, Bakı bu təklifə qarşıdır. Və, müharibə variantına keçid mərhələsi ola bilər.
-Bəs, İrəvanın bu təklifinə beynəlxalq səviyyədə dəstək varmı?
-Qeyd edim ki, Paşinyan Brüsseldə keçirdiyi görüşlərdə bu təklifinə dəstək ala bilmədi. Demək olar ki, Qarabağ məsələsində Avropadan əliboş məyus qayıtdı. Ümumiyyətlə, Ermənistan diplomatik müstəvidə artıq Azərbaycana uduzmaqdadır və Yerevanın Avropada Qarabağ siyasəti fiaskoya uğrayıb. Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi sənədlərdə yalnız ərazi bütövlüyünü önə çəkir. Əvvəlki illərdən fərqli olaraq, xalqların müqəddaratı prinsipini qətnamələrində qeyd etmir. Avropa rəsmləri Ermənistanı realist addım atmağa səsləyir. Paşinyanla görüşdə bunu konkret olaraq bəyan edirlər. Hazırkı məqamda danışıqların formatı ilə bağlı dəyişikliklər onda qiymətləndirilə bilər ki, Minsk qrupu dayandırılsın. Danışıqlar birbaşa Yerevan-Bakı arasında keçirilsin. Həmçinin Qarabağın Azərbaycan və Erməni icmasının da bu danışıqlarda iştirakı təşkil edilsin. Üçüncü dövlətlər prosesə qarışmasın. Bu ən uyğun format ola bilər. Əgər, bu mümkün deyilsə, Avropa İttifaqı təkcə danışıqlarda vasitəçilik etsin. Onda status-kvo dəyişə bilər.
-Bəs, İrəvana Moskvanın təsiri nə dərəcədə mümkündür?
-Paşinyan müxtəlif yollarla Rusiyanın münaqişənin həllində vasitəçiliyini qəbul etmir və çalışır ki, birbaşa Bakı ilə danışıqlar aparsın. Bunu açıq səsləndirməsə də, ola bilsin ki, daxili qüvvələrdən qorxur. Amma, qeyri-rəsmi səviyyədə üç dəfə prezident İlham Əliyevlə danışıqlar aparıb. Hazırda onun Minsk formatı çərçivəsində separtçıları danışıqlara cəlb etməsi absurddur. Bu, müharibəni tətikləyən addımdır.
Əgər, Paşinyanın seçimi budursa, qoy etsin. Bakı danışıqlardan çəkinsin. Paşinyan görünür, istəyir ki, danışıqlar dayansın Azərbaycan müharibəyə başlayaraq üstünlüyü ələ alsın və Ermənistan güzəştə getsin. Çünki, Paşinyan Qarabağ məsələsində dalana dirənib. Paşinyan öz şərtlərində qalarsa müharibə qaçılmaz ola bilər.