Newscenter.az.11.03.2019. Onunla yaxından və ya uzaqdan heç bir tanışlığım yoxdur. Tam səmimi deyim heç maraq da göstərməmişəm. Baxmayaraq ki, il ərzində bir neçə dəfə xeyirxah missiya ilə Bakıya gəlib, burada keçirdiyi görüşlərə müəyyən mətbuat nümayəndələrini də dəvət edib, lakin həmin tədbirlərdə də iştirak etməyə cəhd göstərməmişəm. Onunla yaxın olan bir çox dostlarımız var ki, elə onların xətti və vasitəçiliyi ilə də həmin toplantılara qatılmaq şansım olub. Lakin qeyd etdiyim kimi buna lüzum görməmişəm.
Yalnız bir dəfə oxucularımızdan biri mobil nömrəmə zəng edərək Onunla görüşmək istədiyini, məndə mütləq Onun telefon nömrələrinin olduğuna əminliyini bildirdi. Bir şahişi vardı. Nəsə istəyəcəkdi. Yox cavabı aldığında isə şübhə ilə yanaşdı və bu fikirləri işlətdi: “Sizin saytınızda demək olar ki, həftədə bir neçə dəfə Fizuli Məmmədovla bağlı hansısa yazı, məqalə, xəbər dərc olunur. Nə əcəb Sizdə Fizuli müəllimin telefon nömrəsi yoxdur, yaxud onunla heç əyani şəkildə tanışlığınız yoxdur”. Əslində bəlkə də xanım oxucumuz haqlı idi. Ancaq yuxarıda qeyd etdiyim kimi mənim buna marağım yox idi. Səbəbləri isə müxtəlifdir.
Birincisi, Fizuli Məmmədovla görüşə maraq göstərmirdim ona görə ki, bəzi həmkarlarım kimi tanınmış iş adamının hesabına xarici ölkələrə səfərə getməyi, yaxud ondan bahalı hədiyyə qəbul etməyi düşünmürdüm. Ən əsası, mənim də maddiyata bağlı biri olduğum kimi qənaətin formalaşmasını istəmirdim.
İkincisi, Fizuli Məmmədovun məclisində oturub, onun süfrəsində duz-çörək kəsib, sonradan kimlərinsə sifarişi əsasında qələmimi Ona qarşı çevirənlərdən olmaq istəmirdim. Mənim əlaməmimdə hər kəsin müsbət və mənfi tərəflərini cəmiyyətə təqdim etmək, onun çatışmayan cəhətlərini tənqid etmək normal bir mövqedir. Yəni sağlam, ümumi işin xeyrinə olan tənqid. Zatən Cənab Prezident İlham Əliyev də bu prinsipi hər zaman əldə rəhbər tutub və dəfələrlə dövlət başçısı açıq şəkildə bildirib ki, cəmiyyətdə mövcud olan bu və ya digər problemləri media gündəmə gətirməli, onun həlli yollarına vasitəçi olmalıdır. Təsadüfi deyil ki, dövlət başçısı bu mənada jurnalistləri özünün köməkçiləri hesab edirdi. Tam əminliklə deyə bilərəm ki, elə Fizuli Məmmədov da eyni mövqeyə, yanaşmaya sahibdir.
Üçüncüsü, Fizuli Məmmədov elə bir xeyirxah işin altına girib, elə bir müqəddəs missiyanı həyata keçirir ki, bu prosesdə Onun yanında, yaxınında və uzağında olmaq, Onunla əyani şəkildə görüşüb-görüşməmək əhəmiyyət kəsb etmir. Sadəcə həmin missiyada Ona media dəstəyi vermək lazımdır. Biz də əlimizdən gəldiyi qədər Ona informasiya dəstəyi verir, başladığı müqəddəs işin cəmiyyətə çatdırılmasına çalışırıq. Söhbət dəyərli soydaşımız, "Dünya Azərbaycanlıları İttifaqının" və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun" Prezidenti Fizuli Məmmədovun hər il Qarabağ müharibəsi iştirakçılarına öz şəxsi hesabına mənzil bağışlamasından gedir. Həqiqətən də müqəddəs missiyadır. Neçə-neçə ailənin hər il sevindirilməsidir. Özü də elimizin gözəl bayramlarından biri olan Novruz bayramı ərəfəsində Fizuli Məmmədovun belə bir xeyirxah addım atması Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin bayramına bayram qatmasıdır.
Fizuli Məmmədovun başladığı bu şərəfli yol həm də dövlətə, dövlətçiliyə xidmət, dövlət başçısına sədaqət nümayişidir. Hər kəsə bəllidir ki, Cənab Prezident hər zaman Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinə dərin hörmət və qayğı ilə yanaşır, müntəzəm olaraq bu qəbildən olan insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində fərman və sərəncamlar imzalayır. Fizuli Məmmədov da məhz dövlət başçısının yolu ilə hərəkət edərək bu prosesə xırda da olsa öz töhfəsini verir.
Fizuli Məmmədov bununla həm də nümunəvi vətənpərvər olduğunu nümayiş etdirir. Fizuli Məmmədovun Qarabağ müharibəsi iştirakçılarına mənzil hədiyyə etməsi gənc nəsildə vətənpərvərlik hissinin artırılmasına müsbət təsir göstərən başlıca amillərdən sayıla bilər. Dəyərli soydaşımız bununla həm də Ali Baş Komandan, Cənab Prezidentin, onun Silahlı Qüvvələrinin yanında olduğunu nümayiş etdirir. Həmçinin Fizuli Məmmədov bu addımı ilə nümunəvi azərbaycanlı adını da qazanmış olur. Bu gün dünyanın müxtəlif ölkələrində yüzlərlə, minlərlə maddi imkanları kifayət qədər olan soydaşımız var. Lakin təəssüf hissi ilə qeyd edə bilərik ki, heç də onların hamısı Fizuli Məmmədov kimi xeyirxah missiya ilə məşğul olmur. Bu gün xaricdə yaşayan soydaşlarımızdan az bir qismi, hətta barmaqla sayılacaq qədəri bu və ya digər dərəcədə xeyirxah missiya ilə məşğuldur ki, onlardan biri də Fizuli Məmmədovdur.
Nəzərə alsaq ki, Fizuli Məmmədov həm də fəal diaspor təmsilçisi, "Dünya Azərbaycanlıları İttifaqının" və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun" Prezidentidir, o halda dəyərli Vətən oğlunun həyata keçirdiyi bu missiyanı həm də Azərbaycan diasporunun uğurlu fəaliyyəti, onun aktiv üzvlərinin Qarabağ qazilərinə, müharibə iştirakçılarına verdiyi töhfə kimi də dəyərləndirə bilərik. Fizuli Məmmədov kimi imkanlı, eyni zamanda xeyirxah diaspor fəallarımız az olsa da, hər halda bunun özü də müsbət elementlərdən sayıla bilər. Fizulu Məmmədovun bu nəcib missiyası eyni zamanda "Erməni diasporundan fərqli olaraq Azərbaycan diasporunun imkanlı şəxslərinin dövlətə, dövlətçiliyə heç bir faydası" yoxdur deyənlərə bir cavabdır.
Ancaq qəribəsi və təəssüflüsü odur ki, dəyərli vətənpərvər insanımızın Vətən, dövlət, onun ən ləyaqətli vətəndaşları, Qarabağ müharibəsi iştirakçıları üçün etdiyi xeyirxahlıq missiyasına kölgə salmağa cəhd göstərilir, ona qarşı planlı və sifarişli qarayaxma kampaniyası həyata keçirilir. Bu qarayaxma kampaniyasını aparanlar düşmən dəyirmanına su tökdüklərinin deyəsən fərqində deyillər. Hər halda Qarabağ naminə, Qarabağ adına kimin hansı müsbət, xeyirxah adım atmasından asılı olmayaraq Ona qarşı qarayaxma kampaniyası aparmağın məncə başqa bir adı yoxdur.
İnqilab Süleymanov