Newscenter.az.23.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, Məktəb-Lisey Kompleksində keçirilən görüşün əsas məqsədi paytaxtın ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Kitabxanaçılar klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyətinin inkişafı məsələlərini əhatə edir.
Görüş Respublika Elmi Pedaqoji Kitabxanasının təlimçilərinin moderatorluğu ilə keçirilib.
Görüş zamanı kitabxanaların iş fəaliyyəti, ümumi təhsil məktəbləri ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə söhbət açılıb, klub üzvlərinin sualları cavablandırılıb. Əlavə olaraq, 2018-2019-cu tədris ilində şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlanmış bir sıra yeni layihələr haqqında kitabxanaçılara məlumat verilib.
R.Mehdiyeva