Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elçibəy-Əliyev anlaşması, tarixi səhv idi, yoxsa düz?

Elçibəy-Əliyev anlaşması, tarixi səhv idi, yoxsa düz?


Newscenter.az.10.05.2019. Hər bir siyasi xadimin və xüsusən də xalqının taleyində rolu olmuş liderin haqqında fikir tam birmənalı olmur. İnsanlar fərqli olduğu qədər, düşüncə və qiymətləndirmələr də müsbət, ya mənfi mənada fərqlər olur. Tarixən belə olub.

Hətta, Osmanlı qalıqları üzərində möhtəşəm Türkiyə yaratmış böyük Atatürkün haqqında bu gün türk xalqı içində ziddiyyətli-qarşıdurmalı dərəcədə haçalanma, mənfi və tənqidi baxışlar, fikirlər yer ala bilir. Bu gün, Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevin döğumu ildönümündə də, sosial setlərə baxırsan, xoş, tərifli sözlərlə bərabər eləcə də tənqidi, narazı fikirlər də söylənilir. Yəni ki, bütün dünyada bu belədir, xalqlar, cəmiyyətlər içərisində seçilmiş tanınmış siyasi şəxsiyyət varsa, onun ətrafında da siyasi baxışlardan asılı olaraq ziddiyyət və mübahisələr də var. Eləcə də Elçibəy haqqında.

Mən hər zaman belə vəziyyətlərdə düşünürəm ki, bunları ya zamanın, ya da, məntiqin üzərinə qoymaq lazımdır. Zaman uzun çəkdiyindən bu məsələyə məntiqlə yanaşaq. H. Əliyevin Bakıya, hakimiyyətə gəlişi vacibliyi, əhəmiyyətliliyinin cavabını, bunu o çətin zamanda ən yaxşı bilib dərk edən, ondan əvvəliki prezident rəhmətlik Elçibəy və onun hakimiyyəti verib. Çünki rəqib tərəfin verdiyi qiymət ən kritik və şişirdilməmiş olur. O mənada ki, H. Əliyevlə mahiyyət, sinfi və ideoloji baxımdan fərqli olan, üstəlik də ki, onu özünə güclü və təhlükəli rəqib görən mövcud hakimiyyət bütün bunlara baxmayaraq, onu öz düşüncə və qərarı ilə Bakıya, yüksək hakimiyyət vəzifəsinə dəvət etdi. Hətta həmin vacib gəlişi xüsusi dəvət, nəqliyyat, müşaiyət və qarşılama ilə təşkil etdi. Real, obyektiv həqiqət budur..

Niyə dəvət etdi H. Əliyevi Elçibəyin hakimiyyəti, əlində bütöv bir hakimiyyət komandası və təsir rıçaqları, inzibatı təsir gücü və sair strukturları ola-ola? Çünki ölkənin idarəçiliyində, yaranmış daxili və geosiyasi kəskin və bəlkə də çıxılmaz böhranda ehtiyac var idi belə bir addıma. Niyə, ehtiyac var idi buna? Çünki o zaman dövlətçilik və dövlət maşını-motorunun "stuk" etdiyi, buna görə dövlətin də xarab olub getmədiyi və ölkə-xalqın da yarı yolda qaldığı bir vaxtda, bu işin ustası çağırılmalı, gəlməli idi.

Mən düşünürəm ki, Elçibəy, İsa Qəmbər, sair rəhbərlər o zaman həmin optimal, təvəzökar, düzgün qərarları ilə Azərbaycan dövlətçiliyi və xalqına böyük bir yaxşılıq etdilər. O mənada ki, sonralar proses boyu idarəçilikdə nə oldu, nə baş verdi və bu gün də nə müsbət və ya mənfi sayılan nətəiclər var, bu başqa məsələ, amma, o zaman, o anda ən həyati vacibi - dövlətin və ölkənin çöküb əldən getməsinin qarşısı alındı.

O da var ki, bəlkə də Əliyev-Elçibəy hakimiyyət optimal birliyinin davamında, iki komandanın layiqli kadrları biliyində Azərbaycanın inkişaf yolu səmərəli variant kimi özünü doğruldardı...

Söylədiyim fikirləri, həyata yalnız öz gündəlik həyat, güzəranı və inkişafı prizamasından baxıb düşünən və yaxud, öz siyasi xəttinin hissiyyat və marağına qapılanlar qəbul etməyə bilərlər. Bu mümkündür. Ancaq, geniş, sərbəst baxışla dövlətini, onun durumu və taleyini düşünənlər, onun mahiyyət və mənasını anlayıb, dövlətlə onu idarə edən hakimiyyəti qarışıq salmayanlar, yəni, 10 milyonluq sərnişinli gəmi ilə gəmiçinin fərqini bilənlər isə məncə mənimlə razılaşarlar.

İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş