Newscenter.az.10.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Newscenter.az xəbər verir ki, Bakı şəhəri üzrə 229 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev qonaqları salamlayıb, bu kimi tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu bildirib. Ümummilli liderin xatirəsinə həsr olunan sərgini yüksək dəyərləndirən idarə müdiri məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb.
Daha sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.
Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.
R.Mehdiyeva