Newscenter.az.18.05.2019. Şimali Kiprin BRT telekanalındakı “Gündəm” verilişində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş xüsusi proqram yayımlanıb.
Newscenter.az xəbər verir ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə hazırlanıb. Şimali Kiprin tanınmış telejurnalisti, “Gündəm” verilişinin aparıcısı Əziz Qaraəzizin qonağı olan AKDC sədri Orxan Həsənoğlu bildirib ki, təcavüzkar Ermənistan bəzi xarici qüvvələrin təhriki və dəstəyilə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Onun sözlərinə görə, bütün dünya bu işğaldan xəbərdardır, lakin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə kəskin etiraz etsələr də, Azərbaycan torpaqları hələ də işğaldan azad olunmayıb: “Bu gün ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalan bir milyondan çox vətəndaşımız var. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə tərəflər arasında atəşkəs sazişi imzalansa da, Ermənistan tərəfi bu günə qədər bu razılaşmanın şərtlərinə əməl etməyib. İşğalçı tərəf hər gün Azərbaycan tərəfə atəş açmağı, yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumları davam etdirir”.
Bişkek protokolunun imzalanmasından 25 ilin ötdüyü vurğulanan proqramda tamaşaçılara Şuşanın işğalı ilə bağlı da ətraflı məlumat verilib.
O.Həsənoölu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün səylərinə baxmayaraq, Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll olunmasına əngəllər törədir. Xalqımız Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olsa da, öz ata-baba torpağını heç kimə güzəştə getmək niyyətində deyil: “Azərbaycan xalqı öz Prezidenti ilə həmrəydir. Ölkədəki sabitliyin və inkişafın əsasını xalq-iqtidar birliyi təşkil edir”.