Newscenter.az.19.06.2019. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi 5 illik yubileyi münasibətilə silsilə tədbirlərə sart verib. İyunun 18-də Jitomir şəhərində İncəsənət Qalereyasında ukraynalı rəssam İrina Benderovskinin Azərbaycanla bağlı çəkdiyi əsərlərin sərgisi keçirilib.
Newscenter.az xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüsü, UABD-nın Jitomir nümayəndəliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən sərgidə, həmçinin rəssamın müxtəlif mövzularda çəkdiyi əsərlər də nümayiş olunub.
Sərginin açılışında UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov rəssam İrina Benderovskiyə Azərbaycana olan sevgisi və göstərdiyi diqqətə görə təşəkkür edib: "Çox şadıq ki, Ukraynada bizim ölkəmizi sevən rəssamlar var. Siz Azərbaycana olan sevginizi çəkdiyiniz şəkillərlə ifadə edibsiz".
Jitomir Aqrar Universitetinin rektoru Oleq Skidan, ukraynalı deputat və Jitomir Aqrar Universitetinin prorektoru İvan Martinçuk Jitomirdəki Azərbaycan diasporunun rəhbərliyini və üzvlərini yubiley münasibətilə təbrik ediblər.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) sədrinin müavini Elşad İbrahimov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Damət Əsgərov UABD-nın Jitomir nümayəndəliyinin 5 illik fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzu ediblər.
Elşad İbrahimov UABD-nın sədri Hikmət Cavadovun yubiley münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Çıxışlarda qeyd olunub ki, UABD-nın Jitomir nümayəndəliyinin fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən də müsbət qiymətləndirilir. Bildirilib ki, UABD-nın Jitomir nümayəndəliyi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bütün dünyada gedən Azərbaycan diasporunun milli birliyinin yaranması prosesinə operativ şəkildə qoşulan nümunəvi diaspor təşkilatı strukturu kimi fəaliyyət göstərir.
Sərginin açılışında rəssam İrina Benderovski 2018-ci ildə Bakıda olduğunu xatırladıb və Azərbaycanla bağlı daha bir neçə şəkil çəkəcəyini deyib: "Öncəliklə, sərginin təşkilinə görə Rac Qasımova, o cümlədən Jitomirdəki Azərbaycan diasporuna təşəkkür edirəm. Sizin bu diqqətiniz mənim Azərbaycana olan sevgimi daha da artırdı və ölkənizlə bağlı yeni əsərlər çəkmək üçün motivasiya etdi".
Tədbirdə, həmçinin ukraynalı rəssam Tatyana Vildanovanın da İslam dininə aid rəsmləri sərgilənib. Sərgi gün ərzində izləyicilər tərəfindən maraqla qarşılanıb. Sərgidə iştirak edən Azərbaycan diasporunun üzvləri rəssam İrina Benderovski və Tatyana Vildanova bu əsərlərinə görə minnətdarlıq ediblər. Daha sonra yubiley tədbiri konsert proqramı ilə davam edib.
Sonda yubiley münasibətilə UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov bir sıra şəxslərə diplomlar təqdim edib.