Newscenter.az.1.07.2019. Məlumdur ki, bu gün dünya siyasətində aktiv rol oynamaq üçün ölkələrin əhalisinin sayı, ümumiyyətlə coğrafi böyüklüyü əsas deyil. Yetər ki, dövlətin iqtisadi-maliyyə bazası güclü olsun. Avropanın mərkəzində yerləşən Avstriya da belə dövlətlərdəndir. Tarixən istər siyasi-hərbi proseslərdə, istər mədəniyyət sfrasında, istərsə də iqtisadi-maliyyə, xüsusilə bank sektorunda dünyada öz sözünü deməyi bacaran Avstriya ilə bu gün Azərbaycan arasında sıx münasibətlər mövcuddur. Qarşılıqlı sərmayə qoyuluşu, yüksək ticarət əlaqələri, dövlət, eləcə də özəl şirkətlər səviyyəsində işbirliyinin genişlənməsi Avstriya-Azərbaycan münasibətlərinin miqyasına isbatdır. Bəs belə geniş əlaqələr Avstriyada yaşayan soydaşlarımızın və onların yaratdığı diaspor təşkilatlarının fəaliyyətinə necə təsir göstərir?
Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bizimlə söhbətə məhz bu ölkədəki soydaşlarımızın ümumi yaşayışından bəhs etməklə başladı:
- Avstriya Avropanın bir çox ölkəsindən ərazisinin kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, siyasi baxımdan çox böyük nüfuza malikdir. Dünyada demokratiyanın beşiyi sayılacaq ölkədir. Hazırda bu ölkədə azərbaycanlılarımızın sayı o qədər də çox deyil. Qeyri-rəsmi göstəricilərə əsasən bu gün Avstriyada ümumilikdə 4 mindən bir az artıq azərbaycanlı yaşayır. Onların arasında alimlər, ziyalılar, bəstəkarlar və bir çox iş adamları var. Doğma Azərbaycandan kənarda yaşasaq da, aramızda çox mehriban münasibət mövcuddur. Buradakı azərbaycanlılar olaraq vaxtaşırı tədbirlər, şənliklər təşkil edərək bir araya gəlirik.
- Avstriyada siz daxil neçə diaspor təşkilatı fəaliyyət göstərir və ümumilikdə sıralarınızda nə qədər soydaşımız fəaliyyətdədir?
- Burada yaşayan hər bir xalqın, hər bir ölkənin öz diaspor təskilatı mövcuddur. Biz isə Azərbaycan diasporu olaraq yeganə təşkilatıq. Düzdür, başqa diaspor təşkilatları da fəaliyyət göstərib, amma nədənsə tez də işlərini dayandırıblar. Bizim Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq isə tək məqsədimiz var: Azərbaycanın adını hər zaman uca tutmaq, həmişə birlik və bərabərliyimizi qorumaq. Bu ölkədə yaşayan azərbaycanlıların demək olar hər biri Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvüdürlər.
- Azərbaycanla Avstriya arasında iqtisadi-ticarət və sosial-humanitar sahələrdə münasibətlər çox yaxşıdır. Mədəniyyət sahəsində də sıx əlaqələr mövcuddur. Maraqlıdır, diaspor təşkilatları olaraq sizlər bu münasibətlərdən istifadə etməklə orada Azərbaycan həqiqətlərini yaya, ölkəmizi avstriyalı insanlara yetərincə tanıda bilirsinizmi?
- İki ölkə arasında hər bir sahədə sıx əməkdaşlıq mövcuddur: istər elmi, istərsə də mədəniyyət sahəsində. Biz isə öz növbəmizdə diaspor təşkilatı olaraq bu sahələrin daha da genişlənməsinə səy göstəririk. Təkcə bu il diasporumuzun təbliğatı ilə Azərbaycana 2 mindən çox turist gedib və döndükdən sonra Azərbaycanın qonaqpərvərliyindən, insanların xoş, gülərüz olmalarından və ən əsas da Azərbaycanın milli mənəvi dəyərlərindən söz açırlar. Cəmiyyət olaraq bu il bir çox tədbirlər keçirmişik ki, bunlardan ən genişmiqyaslısı Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi idi. Fevralın 22-dən biz Xocalıya Ədalət aksiyalarımıza start verdik və xalq rəssamı Əşrəf Heybətovun “Xocalı bir rəssamın gözü ilə” adlı rəsm sərgisi təşkil etdik. Tədbirə Avstriyada fəaliyyət göstərən yerli və xarici qonaqlar təşrif buyurdular. Fevralın 23-də Avstriyanın mərkəzi meydanı olan Ştefan Platzda Xocalıya Ədalət aksiyamız baş tutdu. Mərkəzi meydanda Xocalıda 27 il əvvəl baş verər məlum dəhşətli hadisələrdən bəhs edən kitablar, buklet və broşürlər paylanıldı və ən əsası meydanda 15 metrlik Azərbaycan bayrağı dalğalandırıldı. Tədbiri seyr edən turistlər 27 il öncə baş verən hadisəyə üzüldüklərini bildirdilər və erməni terrorunu pislədilər. Bununla yanaşı, 24. 25 və 26 fevral tarixlərində Salzburg şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb. 16-19 mart tarixlərində isə Salzburg şəhərində Novruz şənliyi keçirdildi ki, tədbirə bir çox ölkənin nümayəndələri, diaspor fəalları da qatıldılar.
- Heç şübhəsiz ki, Azərbaycanın ən yaralı yeri Qarabağ münaqişəsidir. Bu müstəvidə nə kimi fəaliyyət göstərə bilmisiniz, Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini orada bilirlərmi?
- Tarix boyu ermənilər Azərbaycanın düşmanı olub və hər fürsətdə azərbaycanlılara qarşı amansız cinayətlər törədiblər. Biz Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq bu il ermənilərin son 100 ildə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən bəhs edən broşürlər, disklər çap etdirib Avstriya ictimayyətinə çatdırmışıq. Bundan əlavə, zaman-zaman Qarabağ problemi ilə bağlı seminatlar, görüş və konfranslar keçiririk. Təkcə bu il bir neçə kinoteatrda Qarabağ həqiqətlərindən bəhs edən filmlər nümayiş etdirmişik.
- Sual bir az çeynənmiş kimi səslənsə də, müasir və dünyagörüşlü avstriyalılar Xocalı soyqırımın baş verdiyini bilirlərmi və bu müstəvidə siz diaspor təşkilatları, təbii ki səfirliklə birlikdə bu soyqırımın Avstriya tərəfindən tanınması üçün hansı addımları atmısınız? Dövlət bir yana, adi bir şəhərin bələdiyyəsi tərəfindən də olsa soyqırımın tanınması, hansısa şəhərdə bu faciəyə abidə qoymaq və sair kimi işlər görülürmü?
- Xocalı faciəsi nəinki Avstriyada, bütün dünyada bəşəriyyətə qarşı işlənmiş ağır cinayət kimi tanınır. Bizim də borcumuzdur ki, bu hadisəni törədənləri - ermənilərin o zamankı hakimiyyətini dünyaya tanıdaq, onların necə amansız məxluq olduğunu hər kəs bilsin. Bu müstəvidə dayanmadan iş aparırıq. Allahın izni ilə gələn il Avstriyada Xocalı soyqırımı abidəsini ucaltmaq niyyətindəyik və bu barədə aidiyyəti qurumlarla danışıqlarımız olub, razılıqlar alınıb. Bundan əlavə, onu da qeyd edim ki, bu il Salzburg şəhərində Azərbaycan Evi açılacaq. Hansı ki, indiyədək heç bir ölkədə bunun kimi fəaliyyət göstərəcək Azərbaycan Evi olmayıb.
- Dünya mətbuatından izlədiyimiz kimi, Avstriyada baş nazir Sebastian Kurzun iqtidarı zamanı İslama heç də yaxşı münasibət bəslənmədiyinin şahidi olmuşuq. Belə bir şəraitdə müsəlman icması oilaraq çətin deyil ki sizə orda? Yeri gəlmişkən, digər müsəlman diaspor təşkilatları ilə əlaqələriniz varmı və varsa daha çox hansı xalqların təşkilatları ilə?..
- Düşünürəm ki, Kurzun iqtidarı zamanında nəinki müsəlman icması, eləcə də digər dinlərdən olan insanlar yetərincə əziyyət çəkib. Onun siyasi baxışları demokratiyaya zidd idi və sonu da məlumdur. Avstriya demokratik ölkədir, burda söz azadlığı, azad fikir söyləmək kimi hüquqlar digər ölkələrdə olduğundan daha geniş və asandır. Diaspor təşkilatı olaraq biz orta yol götürdüyümüz üçün heç bir kəsimlə problemlərimiz olmur. Biz erməni diasporundan başqa ölkədə fəaliyyət göstərən hər bir təşkilatla əməkdaşlıq edirik, onlar bir çox birgə tədbirlərimiz olub. Yaxın vaxtlarda Qarabag münaqişəsi ilə bağlı ermənilərin azərbaycanlıların başına gətirdiyi bəlalardan bəhs edən sərgimiz açılacaq və əminəm ki, bu tədbirin ərsəyə gəlməsinə hər bir azərbaycanlı dəstək verəcək.
Vüsal Tağıbəyli