Nəsib Məhəməliyev: "Azərbaycan UNESKO-nun fəal üzvü olaraq nəinki ölkəmizin, eyni zamanda bir çox dünya ölkələrinin mədəni irsinin qorunmasında mühüm addımlar atır"
Newscenter.az.8.07.2019. Bu günlərdə Respublikamızın paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. UNESKO-nun Ümumdünya irs komitəsinin 43-cü sessiyası Bakıda keçirilən bir çox beynəlxalq tədbirlərdə olduğu kimi yüksək səviyyədə işini başa vurdu. Dünyada mədəni irsin qorunması istiqamətində çox önəmli qərarlar qəbul edildi.
Belə qərarların biri isə, konkret olaraq “Şəki xanlarının sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin” UNESKO-nun Ümumdünya irs siyahısına salınması hər bir Azərbaycanlının çox böyük sevincinə səbəb oldu. Təbii ki, mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur. Azərbaycanın 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri seçildikdən sonra ölkəmizin bir çox maddi və qeyri maddi sərvətləri bu təşkilatların qeydiyyatına salınmışdır. Bu da öz növbəsində Azərbaycan xalqının keçmişinin, tarixinin, mədəniyyətinin, incəsənətinin bütün dünyada təbliğ olunmasında çox böyük əhəmiyyətə malikdir. Burada dahi şairimiz Hüseyn Cavidin məhşur şeirini xatırlatmaq istərdim...
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
XXI əsrdə regionda və dünyada baş verən ziddiyətli proseslərin fonunda, bir çox ölkələrin, o cümlədən bizim də məcburən qatıldığımız informasiya müharibələrində, mədəniyyətimizin təbliği, xalqımızın necə bir mədəni irsin daşıyıcısı olması beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu yöndə hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev fondunun apardığı gərgin iş öz bəhrəsini verir. Azərbaycan UNESKO-nun fəal üzvü olaraq nəinki ölkəmizin, eyni zamanda bir çox dünya ölkələrinin mədəni irsinin qorunmasında mühüm addımlar atır. Inanıram ki, ölkəmiz qədim yaşayış məskəni olmaqla çoxlu sayda tarixi, memarlıq, mədəniyyət abidələri ilə zəngindir. Demək olar ki, hər bir rayonumuzda xalqımızın tarixini özündə əks etdirən müxtəlif dövrlərə aid abidələr mövcuddur. Onların üzə çıxarılması, bərpa olunması üçün hər birimiz əlimizdən gələni etməliyik.
Mənim Xan Sarayı ilə tanışlığım 1969-cu ildə Şəkinin Kiş kəndində pioner düşərgəsində olduğum zamana təsadüf edir. O zaman bizim uşaq qəlbimizdə formalaşmış hissləri bir neçə sözlə ifadə etməyin nə qədər çətin olduğunu yəqin ki, hər kəs anlayışla qarşılayar. O dövrə uyğun kiçik evlərin, binaların fonunda xan sarayı olduqca böyük, möhtəşəm bir bina olaraq yaddaşlarımızda həmişəlik həkk olundu. Divarlardakı müxtəlif döyüş və ov səhnələri, müxtəlif heyvanların, meyvələrin təsvirləri, binanın tikintisi ilə bağlı aparılan işlər, istifadə olunan çay daşlarının əldən-ələ ötürməklə daşınması , heç bir dənə də olsun mismardan istifadə olunmaması, memarın acı taleyi barədə əfsanələr, qarşı tərəfdəki binada yerləşən muzeydə Azərbaycanın dövlət və ictimai xadimi Nəriman Nərimanovun Tiflisdən Şəkiyə gəldiyi fayton haqqında verilən məlumatlar uşaq qəlbimizdə çox dərin izlər buraxmışdır. Yeri gəlmişkən çox istərdim ki, Şəkinin mərkəzi hissəsi hər hansı bir müasir elementlər istisna olmaqla öz tarixi keçmişinə uyğun şəkildə restavrasiya olunsun. Məsələn qonşu Qaxda bu sahədə xeyli işlər görülmüşdür. Yeri gəlmişkən deputatı olduğum Balakən şəhər minarəli məscidin də gələcəkdə UNESKO və İSESKO-nun maddi irs siyahısına salınması ilə bağlı arzularımı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə çatdirmaq istərdim. Bu məscid və minarə XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikilməklə keçmiş SSRİ-i ərazisində ən hündür minarə hesab olunurdu. Minarənin tikintisi zamanı bərkidici material kimi əhəng və yaxud sement əvəzinə yalnız yumurta sarısı və süddən istifadə olunmuşdur. Hesab edirəm ki, fərqli memarlıq stilinə görə bu məscid kompleksi unikal tarixi abidə hesab oluna bilər.
Bu sətirləri yazarkən 2011-ci ildə millət vəkili Asim Mollazadə və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevlə ABŞ-nın Kaliforniya ştatının Monterey şəhərində olarkən meriyanın yerləşdiyi 200 il əvvəl tikilmiş, şəhərdə yeganə tarixi ikimərtəbəli bina ilə bağlı təəssüratlarımı bölüşmək istərdim. Bizim düşüncələrimizə görə nə görünüşünə, nə də ki, ölçülərinə, memarlıq stilinə görə qeyri-adi təəssürat bağışlamayan bu bina yerli əhali tərəfindən qürurla təqdim olunur və şəhərin tarixinə aid olan qəzetlər, meriyanın müxtəlif dövrlərdə qəbul etdiyi qərarlar, texniki vasitələr qonaqlara nümayiş olunur və bu da həmin bölgə ilə bağlı insanlarda tam təsəvvür formalaşdırır. Çox yaxşı olardı ki, bölgənin tarixini özündə əks etdirən hadisələr barədə də Şəki xan sarayında bukletlər, broşüralar, video görüntülər qonaqlara, ələlxüsus xarici turistlərə təqdim olunardı.
Sonda yuxarıda göstərdiyim tarixi hadisələr ilə bağlı başda cənab Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan xalqını, Şəkililəri təbrik edirəm. Uğurlarımız bol olsun!
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı