Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Gömrük Hospitalından dünyada ilk dəfə icra olunan unikal əməliyyat

Mərkəzi Gömrük Hospitalından dünyada ilk dəfə icra olunan unikal əməliyyat


Newscenter.az.4.12.2019. Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra edilən nadir əməliyyata həsr olunmuş mətbuat konfransı keçirilib. Newscenter.az-a tibb müəssisəsindən bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında Dr. Mircəlal Kazımi tərəfindən aparılan müayinə nəticəsində 5 yaşlı pasiyentdə hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət öncə bu pasiyentə həmin diaqnoz Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də qoyulub.

Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir. Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayırlar. Adətən, belə xəstəliyi olar uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.
Bu günlərdə 5 yaşlı pasiyent qaraciyər transplantasiyası əməliyyatına hazırlandı. Xəstənin valideyinlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi balaca pasiyentin donoru oldu.

Əməliyyatdan öncə pasiyentin ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizə qədər darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlandı.

Mərkəzi Gömrük Hospitalı yüksək ixtisaslı həkimləri və maddi-texniki bazası ilə istənilən mürəkkəb əməliyyatları icra edə biləcək qüvvəyə malikdir. Ona görə Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat – 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alındı.

Beləliklə, 13 noyabr 2019-cu il tarixində dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Aydan
Xəbəri paylaş