Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib



Newscenter.az.5.12.2019. Dekabrın 5-də “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.

Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumların əməkdaşları, eləcə də digər dövlət qurumlarının, gənclər təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək fəaliyyət planı barədə məlumat verilib.

Qonaqların diqqətinə çatdırılıb ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardımı təşkil etmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.

Təqdimatlarda təşkilata üzv olan könüllülərin Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlərə və təcrübə proqramlarına cəlb ediləcəkləri qeyd edilib. Fəaliyyət istiqamətləri sırasında turizm sənayesini təmsil edən müəssisələrə kadr təkliflərinin verilməsinin yer aldığı da vurğulanıb.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov çıxışında turizm sahəsində könüllü fəaliyyətin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı biliklər əldə etməkdə mühüm rol oynayacağını bildirib. O, Agentliyin ölkədə turizmin inkişafı yolunda atılan bütün addım və təşəbbüslərə daim dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Həftəsi” çərçivində baş tutub.

Aydan
Xəbəri paylaş