Newscenter.az.6.12.2019. Bakı Mühəndislik Universitetində (BMU) şəkərli diabet xəstəliyi ilə bağlı “Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib.Əsas məqsəd diqqəti şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə sağlam həyat tərzini təşviq etməkdən ibarət olub.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbir çərçivəsində xəstəlik və onun müalicəsi barədə məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Kimya-biologiya kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə diabet xəstəliyi haqqında ətraflı məlumat verilib. Kafedranın müəllimi Afaq Rzayeva xəstəliyin ciddi sosial problemlər doğurduğunu, müalicə olunmazsa insan həyatı üçün ciddi təhlükə yarada biləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, hər birimiz diabetin əlamətləri, onun fəsadlarının qarşısının alınması barədə məlumatlı olmalıyıq.
Sonra “Biologiya” laboratoriyasında diabet xəstəliyinin əlamətləri, risk qrupunda olan insanlar və bu xəstəlikdən qorunma üsulları haqqında təqdimatlar edilib.
Qeyd edək ki, Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
R.Mehdiyeva