Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"



Newscenter.az.6.12.2019. Ölkəmizin nəqliyyat sektorunun bu mühüm sahəsində son bir neçə il ərzində Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə uğurla reallaşdırılan nəhəng layihələr birmənalı şəkildə Azərbaycan dəmir yolları sistemində inqilabi bir dönüşə səbəb oldu.

Ölkə Prezidentinin kadr islahatları çərçivəsində Cavid Qurbanovu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətirilməsindən sonra bu sahə yeni inkişaf mərhəlləsinə qədəm qoydu. Dəmir yolları sistemində son bir neçə ildə dövlət başçısının təşəbbüsü və şəxsi nəzarəti altında həyata keçirilən nəhəng quruculuq işləri Azərbaycanda aprılan islahatları hər vəchlə qaralamaq, onları özlərinin kirli “baxış bucaqları” altında görmək istəyənlərə tutarlı bir cavabdır. Belələrinin konkret rəqəmlərdə ifadə olunan əlahəzrət faktlar qarşısında susmaqdan başqa çarələsi yoxdur.

Bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun nəqliyyat bölümü və onun aparıcı biri istiqaməti olan dəmir yolları sistemində aprılan islahatlar bu sahənin simasını əsaslı şəkildə dəyişə bildi.

Ölkənin nəqliyyat sektorunun aparıcı sahəsi olan dəmir yolları sistemində belə genişmiqyaslı islahatları şərtləndirən əsaslar hansılardır? Nə üçün Prezident İlham Əliyev nəqliyyat sektorunun bu sahəsinə bu qədər diqqət yetirir və bu sahənin ən qısa zaman kəsiyində beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasını hədəfləyir? Cavab çox sadədir. Azərbaycanın Şimal - Cənub və Şərq – Qərb istiqamətində beynəlxalq yükdaşımaların ən uğurlu mərkəzlərindən birinə çevrilməsi üçün avtomobillə daşımalardan 40%-ə qədər ucuz başa gələn dəmir yolu ilə daşımaların beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi olduqca vacibdir. Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlrlə daşınması şansları məhz bizdədir və Ölkə Başçısı bu şansların reallaşdırılmasına çalışır. Eyni zamanda Prezident vətəndaşlarımızın rahatlığını təmin etmək üçün ölkə daxilində dəmir yolu ilə sərnişin daşımaların beynəlxalq standartlar səviyyəsində təşkil olunmasını istəyir.

Son bir neçə ildə dəmir yolları sahəsində aparılan islahatların nəticələri artıq beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə isə 34-cü yerdədir.
Bəs son illərdə nəqliyyatın bu sahəsində bu qədər uğuru şərtləndirən hansı işlər görülüb?

2017-ci il oktyabrin 30-da açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpası demək idi. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın, 263 kilometri Gürcüstanın, 79 kilometri isə Türkiyənin ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq bir yoldur. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Yolun üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə hər il 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Keçən il bu yolla təqribən 300 min tona yaxın yük daşınmışdır və biz indi bu sahədə təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz Çindən konteyner qatarları qəbul etməyə başlamışıq və artıq Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir.
Ölkəmizin önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. “Şimal- Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması tarixi bir hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri artıq yerinə yetirib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda İran Astarasında 35 hektar ərazidə dəmir yolu stansiyası və yüklərin boşaldılması üçün terminallar inşa olunur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının üç dəfəyə qədər az olmasıdır. Əgər dəniz yolu ilə daşımalar zamanı yüklər İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 günə çatırsa, bu dəhliz vasitəsilə daşımaların müddəti 20-25 gün təşkil edəcək. 2018-ci ildə "Şimal-Cənub" dəhlizi ilə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında isə 70 faiz artmışdır.

Cənub-Qərb Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən Cənub-Qərb dəhlizi ilə yük daşımalarını 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır.

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların çoxşaxəli olması və marşrutlarda iştirakçı dövlətlərin sayının hər il artması, “Azərbaycan Dəmir Yolları” QSC yükdaşıma coğrafiyasını genişləndirir. Bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” QSC ““Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası” nın üzvü seçilib. Bununla da ADY, uzaq Sibirdən yüklərin Türkiyəyə, Aralıq dənizi sahili ölkələri və digər istiqamətdə nəqlinə başlayıb.
Beynəlxalq və reginal nəqliyyat dəhlizlərinin gələcəkdə normal fəaliyyət göstərməsini və Azərbaycan üzərindən yük axının dəfələrlə artmasını təmin edə biləcək əsas işlərdən biri də yerli dəmir yollarının yenidən qurulması, əsaslı təmiri və dəmir yolu parkının yenilənməsidir. 2015-2019 illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 841,7 km yollar və 875 dəst yoldəyişənlər əsaslı təmir olunmuş, 3101 ədəd yeni yük vaqonları, 32 ədəd yeni lokomotivlər alınmışdı.

Ölkə başçısı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin qarşısında yaxın illərdə reallaşdırılması nəzərdə tutulan bir çox mühüm vəzifələr qoyub. Bunlardan biri də mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsidir.

Sumqayıt və Gəncədən sonra növbəti sürətli sərnişin qatarı Bakıdan Qəbələ istiqamətində hərəkət edəcək. Qəbələ artıq Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu ilin noyabr ayının 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən Qəbələ dəmir yolu ilə bağlı bu fikirləri səsləndirmişdi “ ... bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, 9 ayda Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır”. Qəbələ dəmir yolu xəttinin çəkilişini “əsaslandırmağa” çalışanlara bu faktlar tutarlı cavabdır.

Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin reallaşdıracağı layihələrdən biri də ölkəmizin turizm mərkəzlərindən biri olan Qusar rayonundakı Şahdağ xizək kurortuna dəmir yolunun çəkilməsi və Bakı-Yalama xəttinin yeniləşdirilməsidir.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti indi Bakı dairəvi dəmir yolunun tikintisinin başa çatdırılması istiqamətində təxirəsalınmaz işlər görür. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. İndiyə qədər dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi artıq yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib, yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunubdur.

Bakı dairəvi dəmir yolunun birinci hissəsində qatar Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” istiqamətində hərəkət edərək sonda yenidən Bakıya dönüb dairəni qapadacaq. Hal-hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınırsa, dairə tamamlanandan sonra bu yolla təqribən gündəlik 25-30 min sərnişin daşımaq mümkün olacaq ki, bu hər gün həmən marşurutla çalışan 500-ə qədər avtobusun əvəzlənməsi deməkdir. Sərnişinlərin bu yolla daşınması həm ekologiyanın qorunması və həm də onların vaxt itkisinin 2-3 dəfə azalması demək olacaq.

2018-ci ilin sonlarından Bakı-Gəncə sürətli sərnişin qatarının istismara verilməsi təkcə bu şəhərlər arasında deyil ,eyni zamanda həmin istiqamətdə yerləşən rayonlar arasında nəqliyyat əlaqələrini geşləndirmək məqsədini güdür. Bakı – Gəncə yolunda aparılacaq işlər yaxın vaxtlarda bu xətlə hərəkət edən qatarın sürətini saatda 140 km-ə qaldırmağa imkan verəcəkdir ki, bu da sərnişinlərə nəticə etibarilə Bakıdan Gəncəyə 3 saat ərzində yetişə ibilmək imkanı yaradacaq.

Azərbaycan Dəmir yollarında Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında aparılan bütün bu quruculuq işləri Azərbaycan iqtisadiyyatının qüdrətinin artmasına və büdcə daxilolmalarının çoxalmasına yaxşı zəmin yaradacaq. Bu isə öz növbəsində dövlət başçısının Azərbaycan vətəndaşının rifahının yaxşılaşması istiqamətində müəyyənləşdirdiyi strategiyanın yüksək səviyyədə reallaşdırılmasına imkan verəcək.

Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor, “Ana Vətən” Partiyası sədrinin
sosial-iqtisadi məsələlər üzrə müavini
Xəbəri paylaş